“Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edilib.
Sitat.info xəbər verir ki , publika.az-a açıqlama verən şikayətçi Arif Muradovun vəkili Bəhruz Bayramov bildirib ki, buna səbəb aparıcının verilişdə müvəkkilini, onun ailə üzvlərini qətl törətməkdə ittiham etməsidir.
Vəkil qeyd edib ki, 2016-cı ildə Bərdə rayonunda qətl hadisəsi baş verib: “Öldürülən şəxs telefon ustası olub və xanımların şəkillərini öz telefonunda saxlayıb. Xoşqədəm Hidayətqızı isə qarşı tərəflə birlikdə nümayəndəsi, yəni vəkili olduğum Arif Muradovu qətl törətməkdə ittiham edir. İkincisi isə iddia edir ki, icra nümayəndəsi bilir. Hər bir hərəkət Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun aparılmalıdır. Bu xanım özü araşdırma aparır, adlar çəkir, ittihamlar irəli sürür. Görün iş nə yerə gəlib ki, hüquqlarını müdafiə etdiyim şəxs dəfələrlə Baş Prokurorluğa teleqram vurub ki, xahiş edirəm, bu cinayət işini açın. Xoşqədəm Hidayətqızının hər bir hərəkəti istintaq sirrinin yayılmasıdır. Xanım iddia edir ki, cinayətkarı bilir. Bu zaman o, rəsmi qaydada istintaq orqanına müraciət etməli və həmin şəxsi göstərməlidir. Bundan sonra sözügedən şəxs dindirilməli və tərəflər arasında üzləşdirmə keçirilməlidir. Bütün bunların əksinə, veriliş boyu müvəkkilim cinayət törətməkdə təqsirləndirilir”.
B.Bayramov əlavə edib ki, məhkəməyə müraciət etmək hər bir şəxsin hüququdur: “Aparıcı xanım da bildirməlidir ki, məhkəməyə müraciət edib məsələni aydınlaşdıracaqlar. Lakin Xoşqədəm xanım mənə deyir ki, mən heç nədən qorxmuram, versinlər məhkəməyə. Bu xanım məhkəməyə də hörmətsizlik edir”.
Bəhruz Bayramov vurğulayıb ki, bu işi xüsusi ittiham qaydasında məhkəməyə verib və buna görə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası var: “Gəlsinlər verilişdə səsləndirdikləri ittihamları təsdiq etsinlər. Bu proses mayın 11-dən davam edir. Yenə də qeyd edirəm ki, hər şeyin qaydası var. Hüquqlarını müdafiə etdiyim şəxsin bütün ailəsinin ifadəsi alınıb. Getsin ərizə versin, qanunla müraciət etsin. Qarşı tərəfin ifadəsi alınsın və tərəflər arasında üzləşdirilmə keçirilsin”.
“Jurnalist bir dostum mənə zəng vurdu ki, Xoşqədəm xanım, sizinlə bağlı xəbər yayılıb. Xəbərdə bir vəkil sizi məhkəməyə verdiyini bildirib. Məhkəməyə veribsə, niyə bunu mətbuatda yayır? Özünü reklam edir? Etsin, belələri çox olub”.
Bu fikirləri aparıcı Xoşqədəm Hidayətqızı TikTok hesabında məsələyə aydınlıq gətirərkən deyib.
O bildirib ki, dediyi hər bir kəlmənin fərqindədir: “İllərlə araşdırmaçı jurnalist kimi fəaliyyət göstərmişəm. Uzun illər gündəlik çıxan qəzetin baş redaktoru olmuşam. Sıradan aparıcı deyiləm, aparıcı jurnalistəm. Mənə görə, hər bir jurnalist qanunları bilməlidir. Mən Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm. Ona görə də mən onlarla cinayət işi açmışam. Dəfələrlə cinayətkarlar məni məhkəmələrə veriblər, təqib ediblər. Bu, ilk dəfə deyil”.