Ukraynalı qadınlar insan alverçilərinin hədəfində: Əxlaqsız təkliflər ölkə ayağa qaldırdı!

15:18 23 May 2022

Müharibədən qaçaraq müxtəlif ölkələrə sığınan ukraynalı qaçqın qadınlar hər gün yeni təhlükə ilə üzləşirlər. Qadın alveri ilə məşğul olan dəstələrin hədəfində olan qadınlar müharibə qurbanları kimi asan ələ keçiriləcək hədəflərdr. Sonuncu əxlaqsız təklif isə etirazlara səbəb oldu.

SİTAT.İNFO Milliyet.com.tr-yə istinadən xəbər verir ki, Rusiyanın işğalçı hücumundan sonra müharibədən qaçan ukraynalı qaçqınların böyük əksəriyyəti qadın və uşaqlardır. Ukraynadan qaçaraq 3 ay ərzində müxtəlif ölkələrə sığınan qaçqınların sayı artıq 4 milyonu keçib.

Təhlükəsiz həyat ümidi ilə Polşa, Macarıstan, Slovakiya kimi qonşu ölkələrə sığınan ukraynalı qaçqınlar, xüsusilə Qərbi Avropada tamam fərqli müzakirələri alovlandırıb.

Rusiya işğalı başlayan kimi övladlarının və özlərinin təhlükəsizliyini təmin etmək üçün Avropanın müxtəlif ölkələrinə gedən ukraynalı qadınlar, insan alveri ilə məşğul olan dəstələrin hədəfinə çevrildilər. Cinsi istismar təhlükəsi altında ukraynalı qadınların ən çox seçdiyi ölkələrdən biri olan Polşadakı yardım könüllüləri, ukraynalı qadın və uşaqların insan qaçaqmalçılarının əlinə keçməsinin  real təhlükə olduğuna diqqət çəkib.

Qərbi Avropa mediası ukraynalı qadınlar üçün etibarlı ev tapmağın əhəmiyyətinə toxunub. İngiltərə mətbuatında böyük səs-küyə səbəb olan bu xəbərlərdən sonra ukraynalı qaçqınları İngiltərədəki evlərində qəbul edən ailələrə ayda 350 avro verilməsi qərarı geniş əks-səda doğurub. Ötən günlərdə mətbuatda əksini tapan bir xəbər ukraynalı qaçqınlarla bağlı müsbət müzakirəyə yol açacaq xəbər idi.

İngiltərədə bir ailənin evinə sığınan ukraynalı gənc qadının, 10 illik evliliyin 10 gün ərzində bitməsinə səbəb kimi göstərilməsi dünya mətbuatında ən çox səs-küy yaradan xəbərlərdən biri olub.

İngiltərədə "ailə dağıdan ukraynalı qaçqın qadın" xəbərlərinin əks-sədaları davam edərkən, İrlandiyadan gələn yeni xəbər ölkəni az qala ayağa qaldırdı. İrlandiyanın ən böyük onlayn fahişəlik saytı ukraynalı qadınları “müharibə fantaziyası” kimi təklif edib.

Sayt bunun “ukraynalı qadınlarla əməkdaşlığın ən uyğun yolu” olduğunu iddia edərək əxlaqsızlığın sərhəd tanımadığını ortaya qoyub. Saytın bu mübahisəli kateqoriyaya yer verməsi və istifadəçilərə təklif etməsi ölkədə böyük hiddətə səbəb olub. Mütəxəssislərin fikrincə, saytın daha çox istifadəçi cəlb etmək üçün Ukraynadakı müharibədən “ilhamlanaraq” saytda istifadəçilərə belə bir kateqoriya təklif etməsi, təhlükəli sosioloji durumda olduğumuzun ən konkret göstəricisidir. Ekspertlərin fikrincə, ukraynalı qaçqınlar məsələsi Avropa ölkələrinin ən mühüm problemlərindən birinə çevrilmək üzrədir.

İrlandiyada məşhur internet saytında “müharibə fantaziyası” təfərrüatının yer alması faktını Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) insan alverinə qarşı mübarizə üzrə koordinatoru Valiant Riçey gündəmə gətirib. İrlandiyada keçirilən Milli Qadınlar Şurasının tədbirində çıxış edən Valiant Riçey son vaxtlar xüsusilə Avropada ukraynalı qadınlarla  münasibət qurmaq üçün internet axtarışlarının artdığına diqqət çəkib. Riçey, həssas qadınların cinsi istismar təhlükəsi ilə üzləşdiyini xatırladaraq, ukraynalı qadınların hər gün daha bir iyrənc təhlükə ilə üzləşdiyini vurğuladı.

Mövzu ilə bağlı rəsmi açıqlama verməyən İrlandiya mərkəzli sayt, əks reaksiya verən bloq yazısına yenidən baxaraq məqalənin mübahisəli hissələrini silib. Bununla belə, saytda qeydiyyatdan keçən ukraynalı qadınların sayının artması müzakirələrin davam edəcəyi kimi yozulur.

Lamiyə Xəqani

SİTAT.İNFO



Xəbər xətti