Diqqət: DİM bircə səhv edənə heç bir şans vermir!

08:45 24 May 2022

21 mayda baş tutan III qrup üzrə imtahanda iştirak edən 6 abituriyent üzərində mobil telefon tutulduğu üçün imtahandan çıxarılıb və nəticələri ləğv olunub. Onların yay qəbul imtahanlarına da buraxılmayacağı ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bu məqam isə mübahisə doğurub. Əgər abituriyent bir imtahanda səhv edibsə və cəzalanıbsa, onu növbəti şansdan məhrum etmək həddən artıq sərt cəza deyilmi?

Axar.az-ın məsələ ilə bağlı sorğusuna DİM-dən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4-cü bəndinə əsasən abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

6.4.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;

6.4.2. imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;

6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək;

6.4.4. səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 2 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

6.4.5. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

6.4.6. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

6.4.7. cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

“Həmin Qaydaların 6.5-ci bəndinə əsasən abituriyentin göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Qeyd edilən hərəkətlərə yol verdiyi aşkar edilən abituriyentin həm müsabiqə, həm imtahan nəticələri ləğv edildiyindən, həmin abituriyentlərin imtahanın ikinci cəhdinə buraxılması heç bir hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, onların müsabiqə nəticələri, yəni müsabiqədə iştirakı ləğv edilir”, - məlumatda qeyd edilib.

 

 



Xəbər xətti