Azərbaycanda günü-gündən artan intihar hadisələrinin səbəbləri barədə müxtəlif fikirlər səsləndirilir. Dəhşətli fakt intihar edənlər arasında azyaşlıların, yeniyetmələrin olmasıdır. Maraqlıdır ki, onları kiçik yaşda intihar etməyə hansı amillər sövq edir? Bunun üçün hansı tədbirləri görmək lazımdır?
SİTAT.İNFO xəbər verir ki, mövzu ilə bağlı Reaksiya TV-nin efirində çıxış edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirdi ki, daxili travmatizm insanların bu cür addımlar atmasına gətirib çıxarır: “Kimdə daxili travmatizm varsa, ona vurulan travmanı öz daxilində böyüdəcək. Axırda elə bir həddə gətirəcək ki, qeyri-adekvat reaksiya ortaya çıxacaq. Onların seçdiyi yol, ya özünü, ya da ona təzyiq göstərən adamı öldürməkdir. Daxili travmatizimi olmayan insanlar edilən təsirə adekvat cavab verir. Kimdə daxili travmatizim olduğunu bilmirik, amma bunu öyrənmək lazımdır”.
Sərdad Cəlaloğlu Azərbaycanda intihar oyunlarının olduğunu vurğuladı: "28 Mall" da, digər yerlərdə gənclər 5 manat verib intihar eksperimenti keçirlər. 3D eynəkləri ilə 20-ci mərtəbədən atılırmış kimi hisslər yaşayırlar. İntihar oyunu oynayan gənclər yuxarı mərtəbədən yerə çırpılır və eynəyi çıxardıqda heçnə baş vermədiyini görürlər. Bu gənclərin içərisində daxili travmatizm və ya psixoloji problemi olub- olmadığını bilmirik. Sonra kiçik bir problem yaranan kimi, özlərini yüksək mərtəbədən atırlar”.
Onun sözlərinə görə, insanlara psixoloji yardım etmək əvəzinə psixoloji travmatizm veririk: “İntiharların artmasının çox səbəbi var, biri də budur. Əvvəllər Avropada "Mavi Balina" oyunu oynayanların əksəriyyəti intihar edirdi. Bu cür cizgi filmləri, başqa oyunlar, kinolar var. Dünyanın bir çox ölkələrində intihar oyunları qadağan olunub. İntihar Azərbaycanda çox ciddi məsələdir. Ötən gün oxuduğum intihar xəbərinin rəy bölməsində insanların əksəriyyəti " mən də intihar etmək istəyirəm" yazmışdı. İntihar məsələləri yanlış təbliğ olunur. Dinimizdə də intihar ən böyük günahlardan biridir. İntihar barədə məlumat verildikdən sonra, insanları yayındıran təbliğat aparılmalıdır. Açığı, dövlətin hər şeyi həll etmək imkanı yoxdur, bu məsələ ilə bağlı qeyri- dövlət təşkilatları ciddi şəkildə maraqlanmalıdır. Çox böyük boşluqlar var ki, onlar bizə böyük ziyan vurur. Onlardan biri intihar məsələsi ilə bağlı işin düzgün qurulmamasıdır”.
Sərdar Cəlaloğlu müharibədə iştirak edənlərə də psixoloji dəstəyin vacib olduğunu vurğulayıb.
Nigar Abuzər
SİTAT.İNFO