Şahin Mustafayev erməni həmkarı ilə razılığa gəldi: 8 kəndin qaytarılması reallaşır

16:21 25 May 2022

24 may 2022-ci il tarixində əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib. 

Bu, 44 günlük müharibədən sonra tərəflər arasında ilk belə ciddi görüş idi. Görüşdə tərəflər bir sıra məsələlər üzrə mühüm razılığa gəlməyi bacarıblar:

Birincisi, tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Bundan başqa, Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.

Brüssel görüşündən iki gün sonra Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi həm rəsmi Bakının, həm də İrəvanın prosesdə maraqlı olduğunu göstərir. Tərəflərin delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını bildirməsi də bunu təsdiqləyir. 

Bununla belə, Bakı və İrəvan arasında sərhədlərlə bağlı ziddiyyətlər tam aradan qalxmayıb. Ermənistan Baş naziri Nikol Paşinyan delimitasiyanın SSRİ dağılandan sonrakı mövcud sərhədlər üzrə aparılmasını istəyir. Azərbaycan isə delimitasiya prosesində həm anklavların, həm də vaxtilə otlaq və əkin sahəsi adı ilə Ermənistana verilən ərazilərin nəzərə alınmasını tələb edir. Dövlət Komissiyasının tərkibində Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, Qazax Rayon İcra Hakimiyyətinin başçısının yer alması da Bakının bu mövqeyindən geri dönməyəcəyini açıqca göstərir.

İkincisi, tərəflər dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsi məqsədəuyğun hesab edilib. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib. 

Prinsip etibari ilə sərhədlərin delimitasiyası ilə bağlı Avropa ilə Rusiya arasında fikir ayrılığı yoxdur. Bu isə öz növbəsində prosesin həllini sürətləndirə bilər. Belə ki, ikinci Brüssel görüşündə tərəflər aprel ayının sonuna qədər birgə komissiyanın yaradılması barədə razılığa gəlmişdi. Həmin razılaşma 26 noyabr Soçi bəyanatındakı “birgə komissiyanın yaradılmasına” əsaslanırdı. Bu mənada ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi əslində yeni bir şey deyil, əksinə mövcud prosesin öncədən təyin edilən qrafik üzrə aparıldığını göstərir. 

Digər tərəfdən, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsinə Azərbaycan-Ermənistan sülh gündəliyindəki ehtimal edilən Qərb-Kreml rəqabətini neytrallaşdıra bilər.

Turan Rzayev

SİTAT.İNFO



Xəbər xətti