Putin xəstədirmi? - Lavrov Putinin səhhəti ilə bağlı açıqlama verdi

12:30 30 May 2022

Sitat.info xəbər verir ki,Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Fransanın TF1 televiziyasına müsahibəsində deyib ki, Ukraynanın Donbas bölgəsinin “azad edilməsi” Moskva üçün qeyd-şərtsiz prioritetdir. Lavrov Rusiya prezidenti Putinin səhhətinin vəziyyəti ilə bağlı da flaş açıqlamalar verib.
Rusiya ilə Ukrayna arasında müharibə dördüncü ayına girərkən, müharibə bir müddətdir ki, ölkənin şərqində cəmləşib. Lavrov Rusiyanın davamlı işğalını müdafiə etdiyi çıxışında onların əməliyyatlarının məqsədinin Ukraynanı “tərksilah” etmək olduğunu iddia edib. Rusiya Xarici İşlər Naziri Moskvanın bir müddətdir davam edən “neonasist rejimi ilə mübarizə apardıqları” arqumentini də təkrarlayıb.

"PUTİN XƏSTƏDİR ?" SUALINA CAVAB
Lavrov Rusiya prezidenti Vladimir Putinin səhhətinin vəziyyətindən də danışıb. Rusiyalı nazir Putinin xəstə olması ilə bağlı iddiaları qəti şəkildə rədd edib. Putinin mütəmadi olaraq ictimaiyyət qarşısına çıxdığını qeyd edən Lavrov açıqlamasında bu ifadələrə yer verib; “Mən düşünmürəm ki, müdrik insanlar bu insanda hansısa xəstəlik və ya narahatlıq  əlamətləri görməyəcəklər”.

DONBASA YÖNƏLƏN MÜHARİBƏ
Əvvəlcə Rusiyanın məqsədinin Ukraynanın böyük şəhərlərini ələ keçirmək və hökuməti devirmək olduğu ehtimal edilirdi. Bununla belə, sərt müqavimətlə üzləşən Rusiyanın müdafiə rəsmiləri “əməliyyatın birinci mərhələsində ümumilikdə öz məqsədlərinə nail olduqlarını” və qoşunların paytaxt ətrafındakı rayonlardan geri çəkildiyini bildirmişdi.
Rusiya rəsmiləri daha sonra planlarının rusdilli Donbas bölgəsinə yönələrək bölgəni “azad etmək” olduğunu açıqladılar.
Son vaxtlar Vladimir Putinin səhhəti ilə bağlı bir çox iddialar arasında parkinson və xərçəng xəstəlikləri ön plana çıxıb.
2014-cü ildəki münaqişələrdən sonra Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində müəyyən ərazilərə faktiki nəzarət edən rusiyapərəst separatçılar bu ərazilərdə birtərəfli qaydada bu iki “respublika”nı elan etmişdilər.  "Rusiya Federasiyası tərəfindən müstəqil dövlətlər kimi tanınan Donetsk və Luqanskda qələbə bizim qeyd-şərtsiz prioritetimizdir", -deyə  Lavrov TF1 televiziyasına deyib.
Rusiya fevralın 24-də işğal əməliyyatına başladıqdan bəri BMT-nin məlumatına görə, 4031 mülki şəxs həlak olub, 4735 mülki şəxs isə yaralanıb. 14 milyondan çox insan evlərini tərk edib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı Donbas bölgəsində “açıq soyqırım siyasəti” həyata keçirməkdə və şəhərləri yandırıb külə çevirməkdə ittiham edib.
Zelenski çıxışında bildirib ki, Rusiya təkcə Ukrayna ordusunu deyil, mülki əhalini də hədəfə alır, insanları birbaşa öldürməyə və ya sürgünə göndərməyə çalışır.

Ləman Sərvanqızı



Xəbər xətti