Zelenski müharibə gedən şəhərə səfər edib

12:18 30 May 2022

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun hücumlarından ən çox zərər çəkən Xarkov şəhərinə səfər edib. Zelenski fevralın 24-dən, Rusiya ordusunun Ukraynaya hücumları başladıqdan sonra ilk dəfə Kiyev vilayətindən kənara  çıxıb.

SİTAT.İNFO xəbər verir ki, Xarkovda əsgərlərlə görüşən və bəzilərini  medallarla təltif edilən Zelesnki, "Hər birinizə xidmətinizə görə təşəkkür etmək istəyirəm. Hamınız dövlətimiz üçün canınızı riskə atırsınız. Ukraynanın müstəqilliyini qoruduğunuz üçün  təşəkkür edirəm. Özünüzə yaxşı baxın"  - deyib.

Xarkovda Rusiyanın hücumu nəticəsində dağıdılan inzibati və yaşayış binalarına baş çəkən Zelenski, hərbçilərlə və mülki şəxslərlə görüş keçirib.

Zelenski bomba sığınacaqları ilə təchiz olunmuş müasir iqamətgahlar tikməklə şəhərin yenidən qurulması planlarını müzakirə edib.

XARKOVUN 31 FAİZİ RUSİYANIN İŞĞALI ALTINDADIR

İclasda Xarkov Hərbi Administrasiyasının rəhbəri Oleq Sınaqubov region ərazisinin 31 faizinin hazırda Rusiyanın işğalı altında olduğunu qeyd edib: "Biz hələ də azad edilmiş bəzi yaşayış məntəqələrinə tam nəzarət edə bilmirik, tam şəkildə  minalardan təmizləyə bilmirik və atışma davam edərkən kritik infrastrukturun yenidən qurulmasına başlaya bilmirik". 

Sınaqubov həmçinin Xarkovda 225-i tamamilə dağılmış 2229 hündürmərtəbəli binanın zədələndiyini, Xarkov şəhərinin şimal və şərq rayonlarında ümumi yaşayış fondunun 30,2 faizinin zədələndiyini və ya dağıldığını bildirib.

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti