Rusiya ordusuna aid döyüş təyyarələri ilə ilk dəfə güc nümayişini edən Çin, ABŞ-la çəkişmə yaşadığı Sakit Okeanda yeni dövrün başlaması üçün addımlar atır.
Çinin xarici işlər naziri Vanq Yi bu gün Sakit okeandakı həmkarları ilə çox həssas görüş keçirir. Səkkiz gün ərzində 10 ölkəyə səfər edən Yinin məqsədi Sakit okean ölkələrini regional iqtisadi və təhlükəsizlik sazişləri üçün təşviq etməkdir.
Solomon adaları, Kiribati və Samoaya səfər edən Pekinin baş diplomatı Yi bazar günü Ficinin paytaxtı Suvaya enib.
Bu gün səhər saatlarında Fici baş naziri ilə görüşən Vanq Yi çox uğurlu görüş keçirdiklərini bildirib. Daha sonra o, onlayn sammitdə Çini diplomatik olaraq tanıyan bütün Sakit okean ölkələrinin xarici işlər nazirləri ilə görüşəcək. İclasın əsas gündəmi Çinin rəhbərliyi ilə imzalanacaq təhlükəsizlik sazişidir.
Layihə mətni ötən həftə mətbuata sızıb. Bu layihədə azad ticarət, humanitar əməliyyatlar və Covid-19 ianələri kimi məsələlər yer alıb. Bölgədə möhkəmlənmək məqsədini gizlətməyən Pekin administrasiyası, təbii ehtiyatlara daha geniş çıxış əldə etmək istəyir, hətta dəniz xəritəsi kimi maddələri müqaviləyə daxil edir.
Qeyd edək ki, Çin həftələr əvvəl region ölkələrindən biri olan Solomon adaları ilə təhlükəsizlik müqaviləsi imzalayıb. ABŞ və onun Sakit Okean, Avstraliya və Yeni Zelandiyadakı ən güclü müttəfiqlərini təşvişə salan saziş Çinə Avstraliyanın şimal-qərbindəki adalarda hərbi baza qurmaq imkanı verir.
Bölgədə gücün yaymaq üçün ilk ərazi olaraq Soloman adalarını seçən Pekin rəhbərliyi, bir ay ərzində bütün bölgəni əhatə etməsi nəzərdə tutulan razılaşmanın arxasındadır.
Bu razılaşma Qərb ölkələrində dərin narahatlıq oyadıb. Sammitdə Tayvan istisna olmaqla, bütün region ölkələri iştirak edir. Tayvanın müstəqilliyini qəbul etməyən Çin, ABŞ lideri Co Baydenin keçən həftə Tayvanı hərbi yolla müdafiə edəcəklərini elan etməsindən sonra ordusunu adanın ətrafında təlimlərə göndərdi.
Pekindən verilən açıqlamalarda güc nümayişinin ABŞ-a ciddi xəbərdarlıq olduğu vurğulanıb.
Gizli razılaşmada Pekin administrasiyasının azad ticarət razılaşması müqabilində region ölkələrinə milyonlarla dollarlıq iqtisadi yardım təklif etdiyi qeyd olunub.
Məlumata görə, bugünki sammitdən əvvəl Çin lideri Xi Jinping Pekinin Sakit Okeandakı ada ölkələrinə "yaxşı qardaş" olacağı mesajını verib.
Ləman Sərvanqızı
SİTAT.İNFO