"İcra başçısının davranışı ilə bağlı videoya baxdım. Bu davranışların bir neçə səbəbi var. Əvvəla?Azərbaycanda idarəetmədə təsadüfi insanlar çoxdur. Kiminsə qohumu, kiminsə bacısıoğlu, kiminsə tanışı anlayışı ilə dövlət idarəçiliyinə gətirilən insanlar var ki, onların da siyasi təcrübəsi, idarəetmə anlayışı, etik davranış qaydaları barədə məlumatı yoxdur. Belə insanlar gəlib icra başçısı olanda bunun məsuliyyətini anlamırlar. İkincisi, insanlar məsuliyyətlərini dərk etmirlər. Sən kim olursan ol, əlində tutduğun bir dövlətin bayrağıdır. Bu bayraq onun uğrunda canından keçən bir şəhidin atasına təqdim olunur. Bu bayraq şəhid atasına təqdim olunursa, dövlət protokolu bir kənara, bu ataya hörmət əlaməti olaraq, daha diqqətli ola bilərdi".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, Azərbaycan məmurlarının protokol anlayışı yoxdur: "Hələ rayonlara icra başçıları bilmir ki, şəhid dəfnlərində protokol qaydaları necə olmalıdır? İcra hakimiyyətinin funksiyası nədir, güc strukturlarının funksiyası nədir? Şəhid atası harada durmalıdır? Bunlar həm də protokol şəkildə onlara təqdim olunmalıdır. MSK necə seçki komissiyalarının üzvlərinə protokol qaydalarını təqdim edir. İcra hakimiyyəti üzvlərinə də bu qaydalar təqdim olunmalıdır. Bizdə isə hələ də bu institutlar formalaşmayıb".
T.Abbaslı qeyd etdi ki, siyasi partiyaların siyasi səhnədən çıxarılması, təsadüfi insanların siyasətə doluşması sayəsində belə biabırçı səhnələr ortaya çıxır: "Bu biabırçı səhnəyə görə Tovuzun icra başçısı xalqdan üzr istəməlidir, həm də şəhid ailəsindən üzr istəməlidir. Niyyətinin hörmətsizlik olmadığını və sadəcə bacarıqsızlıqdan belə etdiyini etiraf etməlidir. Belə kadrlar ümumiyyətlə idarəetməyə gətirilməməlidir".