Fransada hicablı qadına belə təzyiq etdilər: "Hicab qaranlıq dövrün paltarıdır"

17:28 31 May 2022

Fransada hicablı müsəlman qadını restorana buraxmayıblar. Restoran sahibi "hicab qaranlıq çağın paltarıdır" deyərək qadına xidmət göstərməkdən imtina edib.

SİTAT.İNFO xəbər verir ki, hadisə bazar günü ölkənin cənub-şərqindəki Hendaye şəhərində baş verib. Bir gənc  anasını bir həftə öncədən rezervasiya etdiyi restorana şam yeməyinə aparmaq istəyib. Görüntülərdə ana və oğul restoranın qapısına çatdıqda, müəssisənin qadın sahibi  tərəfindən ananın içər buraxılmadığı əks olunur. Restoran sahibi  “qaranlıq dövr çadrası” taxdığı üçün iki müştərini restorana buraxmayacağını deyib.

Boynunda xaç olduğu üçün xristian olduğu bildirilən sahibkar qadın, içəri buraxmaq istəmədiyi müsəlman müştərisinə “çadranın qadınları ram etmək üçün alət olduğunu” deyib.

Onun ünvanına deyilən sözlərdən şoka düşdüyünü bildirən müştəri ayrı-seçkiliyə məruz qaldıqlarını əsas gətirərək polis bölməsinə şikayət edib.
Görüntülər ictimaiyyət arasında  reaksiya doğurub.  Sosial mediada yayılan görüntülərdə restoran sahibi islamofob və irqçi davranış nümayiş etdirildiyi üçün tənqid olunub.

Fransada müsəlmanları hədəf alan qanunların tətbiqi ilə hicablı qadınlara, müsəlmanlara, islami qurum və ibadət yerlərinə qarşı islamofob və ayrı-seçkilik xarakterli hücumlar artıb.

Bu yaxınlarda Qrenobl bələdiyyəsinin ölkədəki ictimai çimərliklərə və hovuzlara örtülü çimərlik paltarlarında qadınların buraxılması ilə bağlı qərar da  daxili işlər naziri Cerald Darmaninin göstərişi ilə məhkəmə tərəfindən dayandırılıb.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti