Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt sakinlərinə və paytaxta regionlardan səfər edən əhaliyə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Apa-ya bildirib ki, DYP iyun ayının ilk 15 günü ərzində şəxsi avtomobillərdən maksimum dərəcədə az istifadə etməyi xahiş edir: "“Formula 1” Azərbaycan Qran-prisi üzrə aparılan işlər və irəliləyən günlərdə keçirilməsi nəzərdə tutulan yarış paytaxtın mərkəzi ərazisndəki yollarda hərəkətin məhdudlaşdırılması və istiqamətlərin dəyişdirilməsini zəruri edir. Hazırda nəzərdə tutulan zolaqların daralması parklama imkanlarının isə demək olar ki, tam məhdudlaşması mərkəzi ərəzidə, eləcə də paytaxtın Cənub qapısı sayılan Bakı-Salyan yolu istiqamətində ciddi yüklənmələrə səbəb olur. Bu da paytaxtın onsuz da gərgin olan hərəkət dinamikasına təsirsiz ötüşmür. Ümumi hərəkət dinamikası isə öz növbəsində zəncirvari effektlə digər küçə və prospektlərdə də yüklənmələrə və yollarda ciddi sıxlığa səbəb olur”.