Ermənilər Natəvanın sümüklərini özləri ilə aparıb – Foto

16:22 1 İyun 2022

Bu, Ağdamda Xan ailəsinə məxsus məzarlıqda dəfn edilən Xurşidbanu Natavanın məzarının fotosudur. Ailə məzarlığında dəfn edilən Natavanın məzarı üzərində sonra abidə tikilmişdi.

Sitat.info xəbər verir ki, bu barədə danışan dosent Zaur Əliyev məşhur fotoqraf Rza Deqatinin işğaldan azad edilən Ağdamda Xan qızı Natəvanın dağıdılmış məzarından çəkdiyi son fotoya istinadla, Xan qızının meyitinin qalıqlarının çıxarıldığını bildirib.

O iddia edib ki, ermənilər Natəvanın meyitinin qalıqlarını özləri ilə aparıblar.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova saytımıza açıqlamasında Ağdam şəhərində Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksinin ərazisinin həm də Xan nəslinin məzarlığı olduğunu vurğulayıb:

“Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın abidəsini tamamilə dağıdıblar”, - deyə o bildirib.

Qeyd edək ki, nazirlikdə Xan qızının meyitinin qalıqlarının harada və necə olması haqda hər hansı bilgi yoxdur.

/Kult.az



Xəbər xətti