Azərbaycanda ötən il 513 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib, onlardan 4-nün vəzifə maaşı azaldılıb, ikisinin isə vəzifəsi kiçildilib.
Bu, Dövlət İmtahan Mərkəzinin (DİM) “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2021-ci il üzrə hesabatında əksini tapıb.
Sənəddə bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilən 513 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunub ki, Daxili İşlər Nazirliyi üzrə 379, Dövlət Gömrük Komitəsi üzrə 37, Qida Təhlükəsizliyi Agentliyi üzrə 16, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 14, Dövlət Statistika Komitəsi üzrə 14, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 11, Xarici İşlər Nazirliyi üzrə 10, Kənd Təsərrüfatı Nazirliyi üzrə 7, İqtisadiyyat Nazirliyi üzrə 5, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə 5, Maliyyə Nazirliyi üzrə 3, Mədəniyyət Nazirliyi üzrə 3, Energetika Nazirliyi üzrə 3, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə 3, Diasporla İş üzrə Dövlət Komitəsi üzrə 1, Müdafiə Nazirliyi üzrə 1, Ədliyyə Nazirliyi üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.
Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında tətbiq edilmiş 513 intizam tənbeh tədbirindən 197-si dövlət qulluğundan azad edilmə, 101-i töhmət, 11-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 4-ü vəzifə maaşının azaldılması, 2-si daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub.
Hesabatda vurğulanıb ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məlumatda tətbiq edilən 198 intizam tənbeh tədbirinin növü göstərilməyib.