Bu gün Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun doğum günüdür.
“Qafqazinfo” xəbər verir ki, şəhidin ailəsi onun 32-ci doğum gününü üzünü görmədiyi 1 yaşlı övladı Hüseynlə birgə qeyd edir.
Vüsal Məmmədov 1990-cı ilin bu günü Füzuli rayonunun Musabəyli kəndində anadan olub. O, Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı kəşfiyyatçısı (miçman) kimi şərəfli döyüş yolu keçib. Qubadlının, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 12-də Cəbrayılın azadlığı uğrunda şəhid olub.
Müharibədə göstərdiyi rəşadətə görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Vüsal Məmmədov 7 ay idi ki, ailə qurmuşdu. Şəhadətindən 3 ay sonra dünyaya gələn övladına özünün istədiyi kimi Hüseyn adı verilib.
Xatırladaq ki, şəhid Vüsal Məmmədovun yadigarı 1 yaşlı Hüseyn “Qafqazinfo”nun 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə atasının şəhadətindən sonra doğulan körpələrlə bağlı çəkdiyi “Sonbeşiklər” filmində də yer almışdı.