Ötən günün əsas gündəmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaşandı. Adıçəkilən qurumdan narazılıqlarını ifadə etmək üçün nazirliyə gələn qazilərin etirazı zamanı polis əməkdaşının nümunəvi davranışı – qazini qucaqlaması ictimai rəğbətlə qarşılandı. Polisin kimliyi açıqlansa da, qazi haqda məlumat verilməyib.
Publika.az-ın əldə etdiyi məlumata görə, polislə qucaqlaşan qazi Elçin Etibar oğlu Verdiyevdir.
O, 1998-ci ildə Ağcabədi rayonu Sülü kəndində dünyaya gəlib. 2020-ci ildə Vətən müharibəsi başlayan zaman döyüşə yollanıb.
“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Ailəlidir. Bakı şəhərində kirayədə yaşayır.
E.Verdiyev saytımıza verdiyi açıqlamada bildirib ki, hazırda Ağcabədi rayonunda yaşayır:
“44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak etmişəm. Xocavənd və Füzuli istiqamətlərində döyüşmüşəm. Füzuli istiqamətində döyüşlərdə yaralandım. Ayağımdan və başımdan qəlpə yaraları aldım. Kəllə-beyin travması və sol gözümdə zəifləmə var”.
O, nazirlikdə baş verən hadisə anını xatırlamadığını da vurğulayıb:
“Huşumu itdiyinə görə polis əməkdaşı məni qucaqladı, ondan sonra heç nə xatırlamadım. Məndə həm də şəxsiyyət pozuntusu var. Sonradan videolara baxdım, lakin həmin hadisə baş verəndə özümdə deyildim. Dünən 2 dəfə ambulans gəlib, iynələr vurulub. İndi-indi özümə gəlirəm”.