Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.
SİTAT.İNFO xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin tələbi ilə dindirilməsi təmin olunan iki şahid ifadə verib. İclasda ifadə verən şahid Rüstəm Süleymanov Nərmin itkin düşdüyü müddətdə İlkinlə birlikdə toya getdiklərini deyib. Onun sözlərinə görə, İlkinlə gecə saat 1-ə kimi toyda olublar.
Məhkəmədə ifadə verən digər şahid isə deyib ki, Nərmin Quliyevanın meyiti tapılmamışdan iki gün əvvəl İlkin Süleymanov və atası İbrahim Süleymanovla birgə yas mərasiminə gediblər:
“İlkin evdə oğurluq uşaq saxlasaydısa, nəyə görə yas yerinə gedirdi? Yas yerinə bir evdən bir nəfərin getməsi hər halda kifayət edərdi. Bundan başqa, yanmış meyit tapılan gün də İlkin Süleymanov Gəncədə yas yerində olub”.
Proses iyunun 7-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.//APA