Moskvadan minlərlə kilometr aralıda ABŞ-ın Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclası keçirilib.
SİTAT.İNFO xəbər verir ki, Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia isə Avropa Şurasının prezidenti Şarl Mişelin ittihamlarından sonra iclası tərk edib.
Mişel bildirib ki, Rusiya inkişaf etməkdə olan ölkələrə qarşı ərzaq təminatından “silah kimi” istifadə edir və bütün dünya Rusiyanı ərzaq böhranına səbəb olmaqda ittiham edir.
Nyu-Yorkdakı görüşdə çıxış edən Mişel, “Rusiya Federasiyasının səfiri, düzünü deyin, Kreml ərzaq təminatından inkişaf etməkdə olan ölkələrə qarşı silah kimi istifadə edirmi” deyə sual verib və əlavə edib: "Rusiyanın müharibəsinin dramatik nəticələri bütün dünyaya yayılır və bu, ərzaq qiymətlərini artırır, insanları yoxsulluğa sürükləyir və böyük regionlarda sabitliyi pozur. Bu ərzaq böhranına görə yalnız Rusiya məsuliyyət daşıyır".
Mişel Odessa limanında milyonlarla ton taxılın gözlədiyini öz gözləri ilə gördüyünü və Rusiyanın Ukrayna taxılını oğurladığını bildirib.
Bu sözlərlə Nebenzia iclası tərk edib. Görüş otağından çıxarkən Nebenziaya səslənməyə davam edən Mişel, "Otaqdan çıxa bilərsiniz, məncə, həqiqəti dinləməkdən daha asandır" dedi.
Nebenzia isə 'Şal Mişelin yaydığı yalanlar' səbəbiylə iclasda daha çox qalmasının mümkün olmadığını söyləyib.
ABŞ-da keçirilən başqa bir toplantıda çıxış edən ABŞ dövlət katibi Antoni Blinken də Rusiyaya qarşı oxşar ittihamla çıxış edib. Rusiyanın blokadası səbəbindən Odessa limanında ixrac oluna bilməyən 20 milyon ton taxıl yığıldığını deyən Blinken Rusiyanı Ukraynanın kənd təsərrüfatı infrastrukturunu məhv etməkdə və bu taxılı müsadirə etməklə qazanc əldə etməkdə ittiham edib.
Nigar Abuzər
SİTAT.İNFO