Suriyanın İdlib regionu ilə bağlı Türkiyə ilə razılaşmalar ləng icra olunur.
SİTAT.İNFO-nun məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə Ankarada keçirdiyi danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
O, Moskvanın Suriya məsələsində Ankara ilə sıx əməkdaşlıq etdiyini söyləyib.
“Prezidentlər Ərdoğan və Putin arasında dəfələrlə keçirilən görüşlərdə Mövludun indicə qeyd etdiyi 2019-cu il memorandumu da daxil olmaqla, konkret razılaşmalar əldə olunub. İdlib de-eskalasiya zonasında problemin həlli zərurətindən bəhs edən memorandum da vardı. Hər iki halda, əlbəttə ki, bu mühüm sənədlərdə əldə olunan razılaşmalar ləng həyata keçirilir”, - Lavrov vurğulayıb.
Rusiya XİN başçısı əlavə edib ki, Moskva və Ankara orada qarşıya qoyulan məqsədləri bölüşürlər: “Biz dostlarımızın sərhədlərində xarici qüvvələr tərəfindən yaradılan təhdidlərlə bağlı narahatlığını gözəl başa düşürük”. (APA)