Putinin Zelenski ilə görüşünün şərtləri və taxıl məsələsi: Lavrov Çavuşoğlu nə danışıblar?

17:11 8 İyun 2022

"Moskva BMT-nin vasitəçiliyi ilə Kiyevlə Ukrayna taxılının ixracını müzakirə etməyə hazırdır".

SİTAT.İNFO xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. Belə ki, bu gün  Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair mətbuat konfransı keçirib.  Konfransdakı çıxışında Lavrov bildirib ki, Rusiya Ukrayna limanlarının minalardan təmizlənməsindən hərbi məqsədlər üçün istifadə etməyəcək və müvafiq təminatlar verməyə razıdır.

Nazirin sözlərinə görə, Moskva BMT-nin vasitəçiliyi ilə Kiyevlə Ukrayna taxılının ixracını müzakirə etməyə hazırdır, lakin bu məsələnin həlli yalnız Ukraynadan asılıdır.

Eyni zamanda, Lavrov, Rusiya lideri Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə hazır olduğunu bir daha təsdiqləyib. Ancaq vurğulayıb ki, bu  yalnız bütövlükdə danışıqlar prosesinin bərpasından sonra mümkündür.

Çavuşoğlu  isə  bildirib ki, Ankara Rusiya, Ukrayna, Türkiyə və BMT-nin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz ixracı mexanizminin yaradılmasını real hesab edir.

Lamiyə Xəqani,

SİTAT.İNFO



Xəbər xətti