Dələduzlar 470 alimdən Şuşada beynəlxalq konfrans adı ilə pul yığıblar. İndi məlum olur ki, səfərin təşkilatçıları yoxa çıxıb.
SİTAT.İNFO xəbər verir ki, bu barədə tarixçi alim Arif Gürşadoğlu yazıb. O bildirib ki, Əlvan Cəfərov alimlərin Şuşada konfrans keçiriləcəyini vəd edərək, qeydiyyatdan keçmiş 370 alimi aldadıb.
Tarixçinin sözlərinə görə, yola çıxacaqları ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alim artıq bu gün gediblər:
“Bizə e-mail vasitəsi ilə məlumat verdilər ki, Şuşada konfrans təşkil olunacaq. 70 manat ödəniş etməyimizi istədilər. Bunun 25 manatının gediş-gəliş, 15 manatının yemək, 30 manatının məqalənin çapı üçün nəzərdə tutulduğu bildirildi. Əlvan Cəfərovun bank hesabını göndərdilər ki, yalnız “Kapital Bank”ın Səbail filialından pul köçürə bilərsiniz. Dedikləri kimi, ödəniş etdik. Xəbər daxil olmuşdu ki, iyun ayının 9-u, səhər saat 6:00-da “Elmlər Akademiyası”nın qarşısında olaq. Lakin dünən təkrar bildiriş gəldi ki, icazə yalnız 100 nəfərə verilib. Belə olan halda da həmin təşkilat komitəsi imtina edəcəyini bildirsə də, məlum olub ki, imtina etməyiblər, 100 nəfəri özləri seçib. Biz isə 370 nəfər çıxılmaz bir vəziyyətdə qalmışıq. Böyük təəssüf hissi keçiririk! Məsələ 70 manatda deyil, igidlərimizin canı, qanı bahasına alınmış Şuşa üzərindən belə çirkin oyun qurulmasıdır. Əlvan Cəfərovun açıqlama yaymaması bizi məyus edir. Ə.Cəfərov deyib ki, heç kim pulunu tələb etməsin. Elə bu sözə görə də mən paylaşım etdim. Sosial şəbəkədə bizə cavab yazmır, zənglərimizə cavab vermir. Artıq DİN bu məsələyə diqqət ayırıb və Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır”.
/Axar.az