Builki qəbul imtahanlarında Bakı şəhəri üzrə 306 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
Sitat.info xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında məlumat verilib.
Qeyd olunub ki, respublika üzrə yaxşı məktəblərin sırasına bu il Bakının 17, 95, 129, 159, 247, 283, 313 saylı tam orta məktəbləri, 62, 83, 220, 261, 264 saylı məktəb-liseyləri, 287 saylı “Zəkalar” liseyi, 291 saylı Ekologiya liseyi, Texniki humanitar lisey, 160 saylı klassik gimnaziya və 147 saylı texniki-humanitar təmayüllü lisey daxil olub.
Azərbaycan bölməsi üzrə ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 292.462-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 6.2% yuxarıdır.
Rus bölməsi üzrə paytaxtın abituriyentlərinin göstəriciləri I-IV qruplarda fizika, kimya, biologiya və tarix fənlər üzrə respublikanın orta göstəricilərindən aşağıdır. Fərq fizikadan - 1.94%, kimyadan - 0.65%, biologiyadan - 0.99%, tarixdən - 2.43% təşkil edir. Şəhərin ana dili, ədəbiyyat, riyaziyyat və coğrafiya fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Ana dili, biologiya və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə ən yüksək göstəriciyə bərabərdir. Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 285.458-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 1.2% yuxarıdır.