“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi Federal Dövlət Unitar Müəssisəsinin Bakı Filialının əməkdaşları, Belarus Respublikası vətəndaşları Pavel Antonov və Antonova Tryzno Veranikanın iş və müvəqqəti yaşama icazəsinin uzadılması ilə bağlı müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən baxılıb və miqrasiya qanunvericiliyin tələblərinə əsasən bu icazələrin uzadılmasından imtina edilib.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinin məlumatında deyilir.
Qəbul olunan inzibati qərarların surəti həmin şəxslərə təqdim edilib.
Adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma haqqında qərar qəbul edilməyib. Bu şəxslər Azərbaycan Respublikasına yenidən giriş edərək qeydiyyata alınmaqla ölkədə ola və qanunvericilikdə nəzərdə tutulan müvafiq əsasları olduğu təqdirdə, yenidən müvəqqəti yaşama icazəsi əldə etmək üçün müraciət edə bilərlər.