Finlandiya və İsveçin NATO üzvlüyünə veto qoyan Türkiyə may ayının sonunda Suriyada terror təşkilatı YPG-nin nəzarətində olan əraziləri hədəf alan yeni hərbi əməliyyata işarə edib.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, mayın 23-də keçirilən kabinet iclasından sonra prezident Rəcəb Tayyib Ərdoğan kameralar qarşısına keçərək, “30 kilometr dərinlikdə təhlükəsiz zonalar yaratmaq üçün başladığımız işlərin çatışmayan hissələri ilə bağlı da yeni addımlar atmağa başlayırıq” deyib. Milli Təhlükəsizlik Şurasının iclasında yeni qərarların veriləcəyini qeyd edən Ərdoğan, "Ölkəmizə və təhlükəsiz bölgələrimizə tez-tez hücumların mərkəzi olan bölgələr əməliyyat prioritetlərimizin başındadır. Bu əməliyyatlar ən qısa zamanda başlayacaq.
Türk Silahlı Qüvvələrimiz, təhlükəsizlik qüvvələrimiz və kəşfiyyatımız hazırlıqlarını tamamlayır”. Ərdoğanın bu açıqlamalarından sonra təkcə region ölkələrinin deyil, bütün dünyanın diqqəti Suriyaya yönəlib. Ankara qərbdə Mənbicdən şərqdə Qamışlıya qədər uzanan və hazırda PKK-nın Suriya qolu olan terror təşkilatı YPG-nin nəzarətində olan sərhəd xəttinin tamamilə terrorçulardan təmizlənməsini istəyir. Yalnız Rəsuleyn və Tel Abyad arasındakı ərazi Türkiyənin dəstəklədiyi Suriya müxalifətinin nəzarəti altındadır.
Türkiyə əməliyyatı elan edəndə YPG terrorçuları dərhal Bəşər Əsəddən kömək istəyib. Suriya ordusu birlikləri ilə əməkdaşlıq edəcəklərini açıqlayan YPG terrorçuları Türkiyəyə cavab verəcəklərini iddia ediblər.
Safura,
SİTATİNFO