İstirahət mövsümü başladı, Bakı-Alanya reysləri ləğv edildi

12:11 13 İyun 2022

Azərbaycanda turizm mövsümü və xaricə səyahətlər dövrü başlayan kimi Türkiyənin “Pegasus” şirkətinin Bakı-Alanya reysləri ləğv edilib.

“Sitat.info” Fed.az-a istinadən xəbər verir ki, şirkətin iyunun 20-dən sonra Bakı-Alanya və əks istiqamətdə nəzərdə tutulan bütün reysləri ləğv edilib və yay mövsümünün sonunadək bu istiqamətdə uçuşlar olmayacaq.

“Pegasus”un Bakı ofisindən reyslərin ləğv edildiyini təsdiqləyiblər. Şirkətdən bildirilib ki, iyunun 20-nə qədər alınan biletlərlə uçmaq “böyük ehtimalla mümkün olacaq”, amma ondan sonrakı reyslər ləğv edilib.

Maraqlıdır ki, aşağıbüdcəli reyslər yerinə yetirən “Pegasus” şirkəti bu ilin oktyabr ayına kimi həftənin 3 günü Alanya-Bakı marşrutu üzrə uçuşları planlaşdırsa da, səbəbini ictimaiyyətə açıqlanmadan bu reysləri ləğv edib.

Hazırda “Pegasus”un Azərbaycandan iki istiqamətdə – Bakı-İzmir və Gəncə-İstanbul reysləri aktivdir. 

Qeyd edək ki, Azərbaycanın AZAL və “Buta Airways” aviaşirkətləri Bakı-Alanya-Bakı marşrutu üzrə uçuşlar həyata keçirir.



Xəbər xətti