Deputatın rəhbərlik etdiyi mərkəz 3 ildə nələr etdi?

13:24 8 Fevral 2022

Sosial Tədqiqatlar Mərkəzinin (STM) 3 yaşı tamam olur.

SİTAT.İNFO xəbər verir ki, Prezident İlham Əliyevin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanı ilə yaradılan Mərkəzin əsas məqsədi elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin etməkdir.

STM fəaliyyəti dövründə ölkə maraqlarını özündə əks etdirən müxtəlif xarakterli münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edib, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirib, dəyişiklikləri proqnozlaşdırıb, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırıb, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikri öyrənərək və sosial tədqiqatların aparılmasını təmin edərək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edib

Mərkəz “Rəyiniz işimizdir!” devizi altında üç illik fəaliyyəti dövründə Nizamnamədən irəli gələn vəzifələrin icrası istiqamətində kifayət qədər ciddi işlər ortaya qoymağa çalışıb. Bundan başqa, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və onları idarə etmək vəzifələrini də həyata keçirib.

Həmiçin çoxvektorlu istiqamətlərdə data bazalar formalaşdıra bilib.

Mərkəz Azərbaycanda sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində yaxından iştirak edib. Yeni dövlət quruculuğu sahəsində ölkə prezidentinin başlatdığı tendensiya dalğasında özünün də yerini və rolunu müəyyənləşdirən Mərkəz açıq və qapalı arayışları, hesabatları və sorğu sənədləri ilə dövlət rəhbərliyinin diqqətini cəlb edə bilib, şəxsən ölkə rəhbəri cənab İlham Əliyev çıxışlarında dəfələrlə Mərkəzin hesabatlarına istinad edib.

STM-in üç il ərzində gördüyü işləri rəqəmlərdə belə qruplaşdırmaq olar: analitik hesabatların sayı - 44, arayış, təhlil, siyasət və mövqe sənədləri 358, sosioloji tədqiqat-sorğu layihələri - 56, elmi məqalələr -146, kitablar - 6, respondentlərin ümumi sayı - 60.791, analitik şərhlər, ekspert dəyərləndirmələri və elmi publisistik yazılar – 500-dən artıq, elmi konfrans, seminar və təlimlərdə iştirak - 112, Tərəfdaşlar/əməkdaşlıq memorandumu - 11, dövlət və özəl təşkilatlardan (beynəlxalq və yerli) sifariş əsaslı işlər - 9, mediada çıxışlar/müsahibələr - 4000-dən artıq, tədbirlər / görüşlər - 23, STM-in çap edilmiş nəşrləri - 27, stm.az saytında yerləşdirilmiş materiallar - 750-dən artıq, STM TV-də yerləşdirilmiş videolar – 341, feysbuk paylaşımı 800-dən artıq, instaqram paylaşımı - 815, tviter paylaşımı - 1000-dən artıq.

Mərkəz elmi-akademik dairələrlə əməkdaşlıq əlaqələri qurmaq və fəaliyyət istiqamətlərini genişləndirmək məqsədilə 3 elmi jurnal təsis edib: “İnam indeksi”, “Sosial tədqiqatlar” və “Azərbaycan barometri”.

Bu vaxta qədər “Prezidentin fəaliyyəti ictimai rəydə: İnam indeksi” jurnalının 6 sayı çap edilib.

Jurnalın ilk xüsusi buraxılışı Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin oktyabr ayındakı fəaliyyətinə həsr olunub və “Prezidentin fəaliyyəti ictimai rəydə” adı ilə çap edilib.

“Azərbaycan barometri” jurnalında əsasən STM əməkdaşlarının və kənar ekspertlərin birgə hazırladıqları hesabatların və ictimai rəy sorğularının nəticələrinin dərcinə üstünlük verilir. 2019-2021-ci illəri əhatə dövrdə jurnalın 20 sayı çap edilib və aidiyyəti qurumlara paylanılıb.

Mərkəzin 3 illik (2019-2021) fəaliyyəti ilə bağlı əsas göstəricilər, bu dövrdə əldə edilmiş nəticələr, 2022-ci və növbəti illər üçün əsas strateji istiqamətlər və hədəflər daha ətraflı “Sosial Tədqiqatlar Mərkəzi 3 ildə” hesabatında öz əksini tapıb.

STM-in hədəfi Azərbaycanın, həmçinin dünyanın aparıcı sosial tədqiqat mərkəzlərindən birinə çevrilməkdir. Mərkəzin kollektivi üç illik fəaliyyəti dövründə bu uğurları öz binasından kənarda qazanıb. STM tezliklə fəaliyyətini öz binasında davam etdirəcək.



Xəbər xətti