Yay mövsümündə Bakıda vətəndaşların "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) Mərdəkan çimərliyinədək (Şüvəlan – Buzovna yolu) ictimai nəqliyyatla birbaşa gedişinin təmin edilməsi üçün sabahdan M10 nömrəli mövsümi ekspres marşrut xəttinin fəaliyyəti bərpa edilir.
Bu barədə Sitat.info-ya Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Başlanğıc dayanacaq məntəqəsi “Koroğlu” NMM olmaqla, Şüvəlan – Mərdəkan çimərliyi (Şüvəlan – Buzovna yolu) istiqamətində əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanmaqla vətəndaşlara xidmət göstərəcək marşrutun gediş tarifi 0,50 manat müəyyən edilib.
M10 xəttinin istifadəyə verilməsi ilə Mərdəkan, Şağan, Binə və Yeni Suraxanı qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin “Koroğlu” NMM-lə daha yaxşı əlaqələndirilməsi təmin olunacaq. Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.