“Quru sərhədlərinin yaxın zamanlarda açılacağına inanıram. Parlamentdə bir neçə deputat olaraq biz də artıq quru sərhədlərinin açılmasının vaxtının çatdığını söyləmişik. Hesab edirəm ki, artıq istisnalar qalmaqla konkret qaydalar müəyyənləşdirib, mərhələli şəkildə sərhədlərinin açılmasını təmin olunmalıdır. Amma bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətlərində olan məsələdir”.
SİTAT.İNFO xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib.
Millət vəkili xatırladıb ki, artıq iki ildən çoxdur koronavirus pandemiyası ilə bağlı Azərbaycanın quru sərhədlərinin bağlıdır:
“Hazırda quru sərhədlərindən müəyyən istisna hallarda keçmək mümkündür. Artıq həm dünyada, həm də ölkəmizdə karantin rejimi yumşaldılıb. Xarici ölkələrdə PCR testləri, hətta vaksin sertifikatları ləğv olunaraq yollar açılır. Demək olar ki, yenidən əvvəlki həyatımıza qayıtmağa başlamışıq. Hazırda quru sərhədlərinin açılması çox aktual bir mövzudur.
Düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı bir çox məsələləri nəzərə alır. Hazırda Azərbaycan-Gürcüstan və Azərbaycan-Rusiya sərhədləri qismən istifadə olunur. Nəzərə almaq lazımdır ki, minlərlə insan sərhədlərdən keçməyi gözləyirlər. Lakin Çində yenidən qapanmalar başlayıb və bir neçə ölkədə bununla bağlı problemlər qalmağa davam edir. Bunlar da təbii ki, Operativ Qərargah tərəfindən araşdırılır və diqqətlə izlənilir”.
Deputat hazırda Azərbaycanda 100 minə yaxın miqrantın qeydiyyatda olduğunu vurğulayıb:
“Rusiyadan miqrantların ölkəmizə gəlməsi və ya getməsi sərhədlərin açılması ilə birlikdə bu rəqəmi bir neçə dəfə artıra bilər. Təbii ki, hökumət bu sahədə ehtiyatı saxlayır. Düşünürəm ki, bu daha çox belə qala bilməz. Çünki artıq vəziyyət sabitləşib. Pandemiya təhlükəsi tamamilə sovuşduqdan və həyat tam öz axarına düşdükdə bununla bağlı da qərar veriləcək.
Ölkəmizdə bu sahə ilə bağlı da kifayət qədər işlər görülüb. Fikrimcə, quru sərhədlərinin açılması da yaxın zamanlarda öz həllini tapacaq”.