Keçmişdə ürək tutması keçirən insanlarda yaddaş, düşünmə və digər zehni qabiliyyətlərin daha sürətlə zəifləməsi müşahidə oluna bilər.
Sitat.info xəbər verir ki, Bu barədə nəticələri Stroke jurnalında dərc olunan araşdırmada bildirilib.
Alimlər 20 mindən çox yetkin iştirakçının məlumatlarını təhlil edib və onların koqnitiv göstəricilərini təxminən on il ərzində izləyiblər.
Məlum olub ki, əvvəllər miokard infarktı keçirən şəxslərdə koqnitiv pozuntuların yaranma ehtimalı daha yüksəkdir və zehni funksiyaların zəifləmə tempi ürək tutması keçirməyən insanlarla müqayisədə daha sürətlidir. Xüsusilə yaddaşın və düşünmə sürətinin pisləşməsi ilə əlaqə daha aydın nəzərə çarpıb.
Tədqiqatçılar qeyd edirlər ki, koqnitiv funksiyaların zəifləməsi yalnız ürək-damar hadisələrindən sonra başlamır, eyni zamanda orqanizmdə damarların ümumi yaşlanma prosesini də əks etdirə bilər.
Araşdırma müəlliflərinin fikrincə, ürək tutması beyindəki damarlar da daxil olmaqla, orqanizmdə sistemli damar zədələnməsinin göstəricisi ola bilər. Onların qənaətinə görə, bu amil belə xəstələrdə zehni qabiliyyətlərin daha sürətlə zəifləməsini izah edə bilər.
Bununla yanaşı, alimlər vurğulayırlar ki, söhbət statistik əlaqədən gedir və bu, birbaşa səbəb-nəticə əlaqəsinin sübutu hesab olunmur. Tədqiqatçılar həmçinin ürək-damar xəstəliklərinin profilaktikası və risk faktorlarına nəzarətin koqnitiv yaşlanmanı ləngidə bilib-bilməyəcəyinin əlavə araşdırılmasına ehtiyac olduğunu bildiriblər.
Aytac,
Sitat.info