Gələn il Azərbaycanda pensiyalar nə qədər artırılacaq? - Nazir açıqladı
"Görülmüş tədbirlər nəticəsində cari tarixə orta aylıq pensiyanın məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10,4% artaraq 596 manata, yaşa görə pensiyanın orta məbləği isə 10% artaraq 634 manat, orta aylıq əməkhaqqı 7,2% artaraq 1173 manata çatmış, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər isə 8,4% artaraq 1,9 milyard manat olub. Əmək pensiyalarının orta məbləğinin orta aylıq əməkhaqqına nisbəti (əvəzetmə əmsalı) 50,8%, yaşa görə pensiyada isə 54% təşkil edib".
Sitat.info xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Nazir bildirib ki, hazırkı proqnoz göstəricilərə əsasən, 2027-ci ildə əmək pensiyalarının təqribən 7,5% səviyyəsində indeksləşməsi, bu məqsədlə 575,5 milyon manat vəsaitin ayrılması proqnoz edilir:
"Əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə pensiyaların orta məbləğinin 680 manat, gələn ilin orta aylıq əmək haqqına nisbətdə isə 50%, yaşa görə pensiyada isə 53% olması proqnoz edilir".