Şolz, Makron və Draqini daşıyan qatar səhər saatlarında Ukraynanın paytaxtına çatıb. Üç liderin Kiyevə səfəri Rusiya işğalından sonra ən yüksək səviyyəli səfərdir.
SİTAT.İNFO xəbər verir ki, Avropa Birliyinin üç ən böyük ölkəsinin lideri bu gün Ukraynanın paytaxtı Kiyevdədir.
Almaniya kansleri Olaf Şolz, Fransa lideri Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqinin olduğu qatar səhər saatlarında Kiyevə çatıb.
Xüsusən də Almaniya kansleri Şolz Rusiya işğalı başlayandan bəri Ukraynaya kifayət qədər dəstək vermədiyi üçün Kiyev rəhbərliyi tərəfindən tənqid edilib və səfərlə bağlı bir çox fərqli açıqlamalar verilib.
Liderləri Kiyev dəmir yolu vağzalında baş nazirin müavini İrina Vereşçuk qarşılayıb.
Bir jurnalist Kiyevə niyə gəldiklərini soruşduqda, Emmanuel Makron “Avropanın birliyi üçün mesaj” cavabını verib.
ABŞ-DAN YENİ SİLAH YARDIMI
Xatırladaq ki, Ukraynaya milyardlarla dollarlıq silah göndərən ABŞ 1 milyard dollarlıq yeni paket açıqlayıb. Prezident Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə 41 dəqiqəlik telefon danışığından sonra silah yardımını açıqlayıb.
Ləman Sərvanqızı,
SİTAT.İNFO