"Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin ilk günlərində Qərb vahid mövqedən çıxış edərək Rusiyanın dayandırılması və Ukraynaya hərbi dəstəyin artırılması mövqeyindən çıxış edirdi. Hazırda bu yekdillik yoxdur. Qərb sözdə yenə Ukraynanın yanında olduquğunu desə də, əməldə ikitirəlik yaranıb".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Qərbdə Ukraynanın işğalla barışmasını istəyən qüvvələr də var: "ABŞ, Böyük Britaniya və Polşanın simasında bir qrup ölkə Ukraynaya hərbi yardımın artırılması və Rusiyanın məğlubiyyətə uğradılmasına çalışır. Fransa, Almaniya, İtaliyanın simasında digər qrup isə Ukraynanın güzəştə getməsini və bununla müharibənin sona çatdırılmasını istəyirlər. Ancaq Ukrayna üçün “güzəşt” ərazilərin itirilməsi və işğalla barışmaq deməkdir".
Politoloqun sözlərinə görə, görünür, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini itirməsi Paris və Berlini az narahat edir. Onlar üçün əsas odur ki, nə yolla olursa-olsun müharibə dayandırılsın, Kreml razı salınsın və Rusiyadan enerji ixracı davam etsin. Fransa prezidenti, İtaliya baş naziri və Almaniyanın kanslerinin bu gün Kiyevə başlayan səfəri də Kiyevi mümkün “güzəştlərə” dəvət etməkdir. Ukrayna prezidenti Vladimir Zelenski onların təklif etdiyi “güzəştə” hazır deyil".