Vaşinqtonun illərdir gözlədiyi qərar verildi, İngiltərə WikiLeaks-in qurucusu Julian Assanjı ABŞ-a göndərir.
İngiltərə məhkəməsinin WikiLeaks-in qurucusu Julian Assanjın ABŞ-a ekstradisiyasını təsdiqləməsindən sonra, daxili işlər naziri Priti Patel gözlənilən açıqlamanı verib. Nazir Patel Assanjın ABŞ-a göndərilməsinə razılıq verib.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi WikiLeaks-in təsisçisinə apellyasiya şikayəti vermək üçün 14 gün müddətinin olduğunu açıqlayıb. Assanjın vəkillərinin ekstradisiya qərarını Ali Məhkəməyə çıxaracağı gözlənilir.
Julian Assanj hazırda İngiltərədəki Belmarş həbsxanasında saxlanılır.
ABŞ Avstraliya əsilli 50 yaşlı Assanjı 2010 və 2011-ci illərdə minlərlə məxfi sənədi yaydığına görə 18 müxtəlif ittihamla mühakimə etmək istəyir.
Onun vəkilləri deyirlər ki, Assanj ABŞ-da mühakimə olunaraq təqsirli bilinərsə, onu 175 ilə qədər həbs cəzası gözləyir.
ABŞ administrasiyası isə Assanjın həbs cəzasının 4-6 il arasında olacağını bildirir.
ABŞ-a ekstradisiya edilməmək üçün Ekvadorun Londondakı səfirliyinə sığınan və 6 il orada yaşayan Assanj 2019-cu ildən İngiltərədə həbsdədir.
Nigar Abuzər
SİTAT.İNFO