Rusiya Ukrayna taxıl ixracına dəhlizlərin açılması üçün şərtlərini açıqladı

11:12 19 İyun 2022

Rusiyanın müstəqil Ukrayna ərazisinə  hərbi müdaxiləsindən dörd ay sonra işğalçı ölkə,  taxıl və dənli bitkilərin ixracına Qərbin qoyduğu sanksiyaların ləğvini tələb edir. 

Sanksiyaların ləğvi müqabilində Rusiya Ukrayna limanlarından taxıl ixracı üçün dəhlizlər açacağını vəd edir. 

SİTAT.İNFO xəbər verir ki, BMT-nin Türkiyədəki rezident əlaqələndiricisi Alvaro Rodriges bu barədə CNN Türk-ə müsahibəsində bildirib.
"Bu, iki cəhətdən vacibdir. Birincisi, Ukraynanın ixrac etdiyi taxıl ölkədən daşına   bilər. Belə ki, dünyanın bir çox ölkələri Ukrayna idxalından asılıdır. Bu plan və ərzaq dəhlizi Ukrayna iqtisadiyyatı üçün hətta müharibə dövründə də vacibdir, lakin daha çox ərzaq təhlükəsizliyi və dünya ərzaq qiymətləri baxımından önəmlidir" - Rodriges deyib. 

Eyni zamanda o qeyd edib ki, ilk növbədə BMT Rusiyadan atəşkəs gözləyir. 

"Əvvəlcə atəşkəs istəyirik. Konkret olaraq ərzaq məsələsindən danışsaq, danışıqlar yüksək səviyyədə davam edir. Amma oradan taxıl gəmilərini çıxarmaq sizin düşündüyünüz qədər asan deyil. Rusiya donanması Qara dənizdədir. Biz onu da bilirik ki, Ukrayna öz təhlükəsizliyi üçün sahillərə  minalar düzüb. Ona görə də davamlı danışıqlara ehtiyac var ki, bu addımı necə atmaq barədə razılığa gələ bilək”, - Rodriges bildirib.

Ləman,

SİTAT.İNFO



Xəbər xətti