Sahil Babayev narazı qazilərlə bağlı ilk dəfə danışdı

12:37 20 İyun 2022

“Şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin ana istiqamətidir”.

“Sitat.info” "Report”a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirərkən deyib.

O qeyd edib ki, qəbul edilən qərarlar şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılmasına yönəlib: “Birincisi, onlara ödənilən müavinət, təqaüd və pensiyaların həcmi ciddi şəkildə artırıldı. Bu, 60 faizdən çoxdur. İkincisi, onların böyük əksəriyyətinə proaktiv qaydada ödənişlər təyin edildi. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri onların bir çoxunun evlərini ziyarət edərək imkanlarını qiymətləndirib, onlara sosial ödənişlər və məşğulluqla bağlı xidmətlər göstərilib. Dövlət Tibbi Ekspertiza Komissiyasının həkimləri 6 mindən çox qazimizi xəstəxanalarda, evlərində ziyarət edərək onların tibbi vəziyyətlərini qiymətləndiriblər”.

Sahil Babayev əlavə edib ki, ötən il yarımlıq dövrdə 103 min müharibə iştirakçısı, müharibə əlili, şəhid ailəsinə 190 min xidmət göstərilib: “Orta hesabla hər ay 10 mindən çox xidmət göstərilib. Onların sosial ödənişləri təmin edilib. Onların sosial ödənişləri digər kateqoriyalarda olanlardan təqribən 2 dəfə çoxdur. Onların 6 minə yaxını özünəməşğulluq proqramına cəlb edilib, 5 mindən çoxu işə düzəlib, 3500-ü mənzillə təmin edilib. Proqramların hamısı davam edir. Dövlətin qayğısı, dəstəyi genişdir və geniş şəkildə də davam edəcək”.



Xəbər xətti