"Litvanın Kalininqrad vilayətinə tranziti məhdudlaşdırmaq qərarı görünməmiş hadisədir və qanunsuzdur".
SİTAT.İNFO rus mediasına istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə açıqlamasında bu fikirləri səsləndirib. O, vurğulayıb ki, bir neçə gün ərzində Rusiya hakimiyyəti ciddi ölçü götürəcək.
"Bu həqiqətən görünməmiş bir qərardır. Bu münasibətlərin pozulmasıdır. Biz başa düşürük ki, bu, Avropa İttifaqının sanksiyaların tranzit daşınmasına da tətbiqi ilə bağlıdır. Amma bu qanunsuzdur".
Kremlin sözçüsü bəyan edib ki, vəziyyət “daha ciddidir” və hər hansı qərar qəbul etməzdən əvvəl çox dərin təhlil aparmaq lazımdır: "Bu dərin təhlil yaxın bir neçə gün ərzində aparılacaq".
Peksov onu da bildirib ki, bu Rusiyanın regionda blokadaya alınmasının elementidir. Onun sözlərinə görə, Rusiyanın yerli idarələri vəziyyəti təhlil edib alternativlər haqqında məlumat verməlidirlər.
Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanovun daha əvvəl bildirdiyi kimi, Litva dəmir yolları Kalininqrad vilayətinin dəmir yollarına xəbərdarlıq edib ki, onlar iyunun 18-dən etibarən Avropanın sanksiyaları səbəbindən Rusiya Federasiyasının regionlarından regiona bir sıra yüklərin tranzitini məhdudlaşdırırlar.
Ləman Sərvanqızı
SİTAT.İNFO