"İnsanlar yoxsulluqlarının günahını həm də deputatlarda görürlər" - Tural Abbaslı

14:30 22 İyun 2022

"Millət vəkillərinin məvacibinin qalxması cəmiyyətdə qıcıqla qarşılandı. Ancaq bu məvaciblər qalxsa belə, deputatlar yenə də orta statistik şirkətlərdə çalışanlardan, orta məmur təbəqəsindən belə az alırlar. Maaşlar təxminən 3000 manat civarına qaldırılır".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı  deyib. 

Onun sözlərinə görə, insanlar yoxsulluqlarının, imkansızlıqlarının, ağır vəziyyətdə yaşamaqlarının günahının bir qismini də parlamentdə , deputatlarda görürlər: " Onları iqtidarın bir parçası hesab edirlər və ona görə qıcıq olurlar ki, bizi yaşatmırlar, bizim rifahımızın yüksəlməsi üçün hər hansı cəhdlər etmirlər. Amma özlərinə gəlikdə isə, maaşlarının artırılması üçün addım atırlar. Bu yanaşma insanları qəzəbləndirir".

Partiya sədrinin sözlərinə görə, əgər deputatlar sırf maaşla yaşayırlarsa, bu zaman 3 min manat elə də yüksək rəqəm sayılmır: "Amma hansısa şirkətdə adi menecer 4-5 min manat maaş alır. Paralel olaraq müəllimlərin, həkimlərin, hərbçilərin maaşları, pensiya və təqaüdlər,  bunlardan bəziləri belə müəyyən qədər artsaydı o qədər də qıcıq yaranmazdı. Amma bu hazırki parlamentə, hazırki məmurlara münasibətin bir göstəricisidir. İqtidar reaksiyaları doğru analiz etməli, doğru nəticə çıxartmalıdır ki, həm özləri üçün dövlət və xalq üçün yaxşı olsun". 

Ləman Sərvanqızı,

SİTAT.İNFO



Xəbər xətti