İran prezidenti İbrahim Rəisi NATO-nun bölgədə genişlənmə siyasəti yürütdüyünü və hər zaman ayıq-sayıq olmaq lazım olduğunu deyib.
O əlavə edib ki, Ukrayna müharibəsi ABŞ və NATO-nun təhrik etməsi nəticəsində baş verib".
Sitat.info xəbər verir ki, İran prezidenti İbrahim Rəisi paytaxt Tehranda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edilib.
Qarşılıqlı danışıqların iki ölkə arasında strateji əməkdaşlığı artırdığını deyən prezident Rəisi, Tehran administrasiyasının Moskva ilə yeni strateji əlaqələr qurmağa hazır olduğunu bildirib.
Prezident Rəisi, "Əməkdaşlığımızı və tərəfdaşlığımızı gücləndirmək ABŞ-ın iqtisadi monopoliyasına və sanksiyalarına qarşı mübarizəmizi gücləndirir. ABŞ-ın müstəqil ölkələrə qarşı etdiyi iqtisadi təzyiqlərlə mübarizənin ən yaxşı strateji üsulu əməkdaşlığımızı artırmaqdır" deyib.
Rəisi Rusiya-Ukrayna müharibəsinə də toxunaraq bildirib ki, İran olaraq müharibənin ən qısa zamanda bitməsinin tərəfdarıdır: "Bu məsələdə istənilən diplomatik həll üçün kömək etməyə hazırıq".
Rusiya xarici işlər naziri Sergey Lavrov Tehran administrasiyası ilə yeni strateji əməkdaşlığa hazır olduqlarını bəyan edərək, "İranla əməkdaşlığımızı bir çox sahədə, o cümlədən iqtisadiyyatda inkişaf etdirmək istəyirik" - deyib.
İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəyərləndirən Lavrov, Tehranın regional və beynəlxalq rolunun əhəmiyyətini vurğulayıb. İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəklədiklərini bildirib.
Ləman Sərvanqızı,
SİTAT.İNFO