Siyavuş Novruzov Ombudsman xanımının müdafiəsinə qalxdı: "Bu təyyarə həmin..."

18:38 23 İyun 2022

Milli Məclisin iclasları zamanı birdən elə olur ki, çıxışımızı kəsir, ya əvvəlini, ya da axırını vermirlər. Bu halda da problem yarana bilir...

SİTAT.İNFO xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzovun Publika.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Sizin bir təklifiniz yadımızdadır. Demişdiniz ki, sosial mediada qeydiyyat şəxsiyyət vəsiqəsi ilə aparılsın. Bu günlərdə DTX-nın 15 yaşlı qızla bağlı məlum əməliyyatından sonra sosial şəbəkədəki saxta profillərlə bağlı məsələ daha da aktuallaşıb. Bəlkə, sözügedən məsələni yenidən gündəmə gətirəsiniz? 

- Bu gün Azərbaycanda əxlaq məsələlərinə çox ciddi müdaxilələr olunur. Bu, ermənilərin və azərbaycanlıları sevməyən qüvvələrin yeritdiyi siyasətdir. Xaricdə yaşayıb pul qarşılığında hər gün söyüş söyənlər, əxlaqdan kənar hərəkət edənlər düşünməlidirlər ki, onların da anası, bacısı, həyat yoldaşı bu videolara baxırlar. Bir insan düşünsə ki, sosial mediada rəsmi şəkildə qeydiyyatdan keçir, o, daha diqqətli olacaq. Baxın, tənqid etmək başqa, təhqir etmək, söyüş söymək başqa. Bu cür davranışlar əxlaq normalarından kənardır. 

- Bəzi deputat həmkarlarınızın açıqlamaları sosial mediada bəzən günlərlə, aylarla tənqid və müzakirə predmetinə çevrilir. Sözün açığı, yalnız sosial şəbəkə istifadəçilərini də qınamaq olmur. Həmin deputatlar özləri də hədəf olmaq üçün nə mümkündürsə, edirlər. Çox gülünc açıqlamalarla çıxış edirlər. Bu, sizə təəccüblü görünmür?

- Azərbaycanda söz azadlığı var və hər bir şəxs, xüsusilə Milli Məclisin üzvləri fikirlərini azad şəkildə ifadə edə bilər. Amma hər sözün arxasında da bir məna dayanır. Ona görə sözü işlətmədən öncə düşünmək lazımdır ki, buna reaksiya hansı formada olacaq. Bu gün cəmiyyətlə birlikdə nəfəs almaq lazımdır. Deputatın vəzifəsi seçicisinin arzusunu, istəyini Milli Məclisdə səsləndirmək və dövlət strukturları ilə cəmiyyət arasında əlaqəni yaratmaqdır. Əgər deputat bunu etmək əvəzinə, əksinə əlaqələri korlaya biləcək nitq seçirsə, onda tənqid, yaxud bəzi hallarda təhqir obyektinə çevriləcək. Milli Məclisin iclasları zamanı birdən elə olur ki, çıxışımızı kəsir, ya əvvəlini, ya da axırını vermirlər. Bu halda da problem yarana bilir... 

- Parlamentdə qadın həmkarlarınızın fəaliyyətindən razısınız? Kəmiyyət artıb, keyfiyyət necə? 

- Bundan öncəki çağırışda 13 qadın deputat var idi, bu çağırışda 20 nəfərdir. Fikrimcə, hər biri çalışqan, bu və ya digər sahələrdə fəaliyyət göstərən tanınmış xanımlardır. Ona görə sual olunmur ki, birdən-birə bu xanım haradan gəldi parlamentə?! Düzdür, bu sual hərdən verilir. Lakin onlar parlamentə gələnə qədər ictimaiyyət arasında tanınan simalardır. Hesab edirəm ki, gələn seçkilərdə də qadın deputatların sayı artacaq. 

- Deputat maaşlarının artırılmasına münasibətinizi öyrənmək istərdim. 

- Bu məsələ hələ birinci oxunuşda müzakirə olunub. Konsulluq, müalicə xərcləri, ildə 3 dəfə verilən mükafat ləğv olunub. Əslində demək olar ki, eyni məbləğə gəlib çıxır. 

- Mediada yazılıb ki, həyat yoldaşınız, Ombudsman Səbinə Əliyeva AZAL-dan 28 min 900 manata təyyarə icarəyə götürüb. Səfər Bakı-Füzuli-Bakı istiqamətində olub. Bu, doğrudur?

- Məsələ ilə əlaqədar Ombudsman Aparatı da məlumat yayıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün 106 nəfərin iştirak etdiyi böyük bir tədbir üçün Şuşaya səyahət edilib. Bu təyyarə həmin şəxslərin səfəri üçün nəzərdə tutulub...



Xəbər xətti