Kreml istəyir ki, işğala "xüsusi əməliyyat" deyək: "Bu mümkün deyil"

14:40 25 İyun 2022

 

"Xarici işlər naziri Ceyhun Bayramov iyunun 24-də Bakıda rusiyalı həmkarı Sergey Lavrovla “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzaladı. Bakıda Lavrovun diqqətinə iki məsələ çatdırılıb: 1. Rusiyada bir neçə rusdilli saytımız bloklanıb, bu yolverilməzdir; 2. Rusiyannın “Ria Novosti” agentliyi erməni separatçılarından biri ilə Azərbaycan əleyhinə reprotaj yayımlayıb, bu təkrarlanmamalıdır". 

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq izah edib ki, yeni saziş həm saytlarımızın bloklanmasının qarşısını almalıdır, həm də Rusiyanın dövlət nəzarətindəki media qurumları Azərbaycan əleyhinə xəbərlər, reportajlar yayımlamamalıdırlar: " Ancaq böyük ehtimalla Moskvanın da bizdən qarşılıqlı tələbi var. Saytlarımızı ona görə blokladılar ki, orada Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi tənqid olunurdu".

E.Şahinoğlu vurğulayıb ki, işğalın pislənməsi təbiidir: "Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və əksəriyyətimiz Rusiya rəsmilərinin, o cümlədən Kremlin nəzarətindəki medianın “xüsusi əməliyyat” terminindən istifadə etmirik, adı üstündədir – bu işğalçı müharibədir. Mən rusdilli saytlarımıza müsahibələrimdə də bunu məhz belə adlandırıram. Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil".

Ləman,

Sitat.info



Xəbər xətti