"Rusiya qızılı buna tələbatı olan və daha qanuni iqtisadi rejimlərin olduğu ölkələrə satılacaq".
Sitat.info xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov G7 ölkələrinin Rusiya qızılının idxalına qadağa qoymaq planlarını şərh edərkən bildirib.
"Qiymətli metallar bazarı qlobaldır, o, kifayət qədər böyük, həcmli və çox müxtəlifdir", - Kremlin sözçüsü bildirib.
Peskov vurğulayıb ki, digər mallarla bağlı qərarlar necə əks effekt verdisə, qızılda da elə olacaq: “Əgər bir bazar qeyri-qanuni qərarlar səbəbindən cəlbediciliyini itirirsə, o zaman bu mallara daha çox tələbat olan və daha rahat, qanuni iqtisadi rejimlərin olduğu yerlərə istiqamətlənəcək"
Bazar günü ABŞ prezidenti Co Bayden G7 ölkələrinin Rusiya qızılının idxalına qadağa qoyacağını bəyan edib.
Reuters agentliyi ABŞ administrasiyasının adını açıqlanmayan rəsmisinə istinadən xəbər verir ki, qadağa rəsmi olaraq iyunun 28-də elan olunacaq.
Bayden həmçinin iyunun 27-də G7 ölkələrinin Rusiyadan külçə idxalını qadağan etmək planları fonunda qızılın bahalaşdığını bildirmişdi.
Safura Bənnayeva,
Sitat.info