Raketlə vurulan ticarət mərkəzində yerlilərimiz olub?

23:45 27 İyun 2022

Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması araşdırılıb.

Sitat.info xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının Poltava vilayəti üzrə rəhbəri Füzuli Qənbərov Azərtac-a açıqlamasında ilkin məlumata görə, Kremençuq şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanlar və xəsarət alanlar arasında soydaşlarımızın olmadığını bildirib.

“Xilasetmə tədbirləri davam edir, Kremençuq şəhərinin müvafiq qurumları ilə əlaqə saxlayırıq. Eyni zamanda, təşkilatımızın diaspor fəalları hadisə yerindədirlər. Kremençuqda yaşayan azərbaycanlılarla da əlaqə saxlanılıb, hadisə zamanı ticarət mərkəzində olmadıqları müəyyən edilib”, - Füzuli Qənbərov əlavə edib.

Qeyd edək ki, Kremençuq şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb, 50 nəfər isə xəsarət alıb. Hazırda xilasetmə işləri davam etdirilir, raket hücumu zamanı ticarət mərkəzində çoxsaylı insan olub. Ona görə də itkilərin sayının artacağı ehtimal edilir.



Xəbər xətti