"Nə vaxtsa” Rusiya və Ukrayna prezidentləri arasında razılaşma olacaq – amma indi yox
Almaniya kansleri Olaf Şolz Ukraynadakı müharibəni diplomatiya yolu ilə bitirmək şansını çox az hesab edir.
Sitat.info xəbər verir ki, o, bu barədə G7 sammitindən sonra bəyan edib.
"Təəssüf ki, Rusiyanın eyni vəhşiliklə müharibəni davam etdirdiyini görmək olar. Ona görə də biz sonu proqnozlaşdırıla bilən bir vəziyyətdə deyilik", - Şolz bildirib.
O əlavə edib ki, “nə vaxtsa” Rusiya və Ukrayna prezidentləri arasında razılaşma olacaq – amma “indi belə deyil”.
“İndi daha çox söhbət müharibənin sona çatmasına nail olmaq üçün Rusiyaya təzyiqin davam etdirilməsindən gedir. Rusiya başa düşdü ki, o, sülhün şərtlərini diktə edə bilməz".
Şolz onu da bildirib ki, Rusiya ilə münasibətlər artıq müharibədən əvvəlki səviyyəyə qayıda bilməz.
Xatırladaq ki, Almaniyada keçirilən sammitdən sonra “Yeddilik” ölkələrinin liderləri Ukraynaya lazım olan qədər maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə hazır olduqlarını bəyan ediblər.