Rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda Azərbaycandan üzr istəyib.
“Digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin başlıca prioritetlərindəndir. Şəxsən mən bu prioritetlə tam razıyam. Dünən mənim səhər efirimdə elə bir hadisə baş verdi ki, bu, Bakıda qəbuledilməz kimi qiymətləndirildi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, ona görə ki, bu, mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtlarda səhvlər baş verir”, - tanınmış rusiyalı jurnalist deyib.
Qeyd edək ki, iyunun 28-də Vladimir Solovyov Rusiyanın dövlət radiosu “Vesti FM”də apardığı “Polnıy kontakt” verilişində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisindəki separatçı rejimin nümayəndəsi David Babayanı “Artsaxın xarici işlər naziri” kimi qonaq qismində təqdim edərək Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib. /Oxu.az