Azərbaycanda son günlər koronavirusa yoluxanların sayında artım qeydə alınıb. Belə ki, dünənki statistika göstərdi ki, ölkədə sutka ərzində 36 yeni yoluxma qeydə alınıb. Hazırda aktiv xəstə sayı isə 164 nəfərdir.
Sitat.info xəbər verir ki, Azərbaycanla qonşu ölkələrdə də koronavirusa yoluxma ilə bağlı artımlar müşahidə edilir. Belə ki, Türkiyə və Gürcüstan mətbuatında “Kabus geri qayıdır?” başlıqlı xəbərlər dərc edilməyə başlayıb.
Mövcud durumda ölkədə koronavirusa yoluxanların sayında artımın səbəbi nədir? Azərbaycanda koronavirusa yoluxanların sayı arta bilərmi? Yoluxma artacağı təqdirdə yenidən karantin sərtləşdirilə bilərmi?
Tibb elmləri doktoru, professor Adil Qeybulla sayta açıqlamasında yaxın gələcəkdə karantinin sərtləşdirilmə ehtimalını istisna etməyib:
“Koronavirus hələlik davam edən pandemiyadır. Sosial şəbəkədəki bəzi şəxslərin fikirlərini kənara qoysaq, COVID-19 ciddi pandemiyadır. “Omikron” koronavirusun mutasiya edən sonuncu ştammı deyil. Mutasiyalar davam etdiyi üçün pandemiya bitməyib. ÜST də bununla bağlı heç bir raport verməyib.
Nəzərə almaq lazımdır ki, koronavirusla bağlı yumşaldılmaların olması pandemiyanın sona çatması mənasını vermir. Epidemioloji vəziyyətə uyğun olaraq karantin yenidən sərtləşdirilə bilər. Yoluxma təkcə qonşu ölkələrdə deyil, Almaniya və digər Avropa ölkələrində də artır. Yoluxanların arasında iki doza vaksin olunanlar da var. COVID-19 sürətlə mutasiyaya uğrayan virusdur. Virus əslində yoxa çıxmalı və ya orqanizmdə sitomeqalovirus kimi lövbər salıb qalmalıdır. Bu proses baş vermədiyi üçün reallıqla barışmalıyıq. Epidemioloji vəziyyət ciddiləşərsə, buna uyğun karantinin sərtləşdirilməsi tədbirləri görülə bilər”.
Tibb elmləri doktoru hesab edir ki, yoluxmaların yenidən artması bəzi ölkələrdə vaksinasiyanın aparılmaması ilə əlaqədardır:
“Bəzi ölkələrdə isə vaksinasiya çox zəif aparılıb. Çünki onların səhiyyə sisteminin durumu çox aşağıdır. Nəticədə kollektiv immunitet formalaşmayıb. Virus da imkan tapır ki, yeni mutasiyalar əmələ gəlsin. Bu gün qloballaşan dünyada yaşayırıq və hər hansı yerdən yeni mutasiya ştammı çıxır və sürətlə yayılır”.
/Baku.ws