Daha 7000 nəfərə “Müharibə veteranı” adı verildi - RƏSMİ

15:30 30 İyun 2022

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən 7000 nəfərdən artıq vətəndaşın da Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşdırılaraq sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

Arayış-məlumatları göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək.

Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76 000 nəfərə “Müharibə veteranı” adı verilib.



Xəbər xətti