Xankəndi ilə sərhəd "Vaquas" kəndinin sakinləri regionda “sülh epoxası”nın mümkünlüyünə inanmırlar və "Artsax" adlandırdıqları qondarma qurumun necə Azərbaycanın bir hissəsi ola biləcəyi barədə təsəvvürləri yoxdur.
Sitat.info xəbər verir ki, “Armenia Today”in müxbiri kəndə baş çəkib, sakinlərlə söhbət edib.
Kənddə 800-dən çox insan yaşayır, onlardan 230-u uşaqdır. Kənddə çoxsaylı sosial problemlər olsa da, Martakert rayonunun sakinlərini narahat edən əsas problem təhlükəsizlik məsələsidir.
Birinci Qarabağ müharibəsinin batalyonun komandiri Sergey Abrahamyan əmindir ki, Ermənistan hakimiyyəti 44 günlük müharibədən əvvəlcədən xəbərdar idi. O, "ərazilərinin itirilməsini" xəyanət hesab edir.
44 günlük müharibədə 4 nəfərin həlak olduğu kəndin sakinləri Nikol Paşinyanın bölgədə “sülh epoxası” aça biləcəyinə inanmırlar.
Saytın yazdığına görə, ermənilər hesab edir ki, Azərbaycan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərini yerinə yetirmir (həbs olunan terrorçuları qaytarmığımız üçün -red), ona görə də sülh olmayacaq.
Vaquas narahatdır ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi bağlayarkən bir-birinin ərazi bütövlüyünü tanıyarsa, "Artsax" Azərbaycanın bir hissəsi ola bilər. “Biz necə Azərbaycanın bir hissəsi ola biləcəyimizi bilmirik. Bu ola bilməz, biz razı deyilik”, – kənd sakini Hayaser Stepanyan deyir.
Müharibədən sonra kənddə yeni sakinlər məskunlaşıb. Onların arasında ailəsi ilə birlikdə Vaquasa köçən Julvern Sevyan da var: "Biz hələ də “Tak Jur” bulağında çimməliyik. Təhvil verdikləri kimi qaytaracaqlar” deyir.
Səid İsaoğlu,
SİTAT.İNFO