Meymunçiçəyi virusunun müalicə üsulu açıqlanıb.
Sitat.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə hazırladığı klinik protokolda bildirilib.
Protokolda qeyd edilib ki, xəstəliyi ağır keçirən və ağırlaşma riski yüksək olan pasiyentlər stasionar şəraitdə müalicə olunmalıdırlar. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün simptomatik müalicə kifayət edir. Lakin, xəstəliyi ağır keçirən və ağırlaşma riski yüksək olan xəstələr (məsələn, immunçatışmazlığı olan xəstələr, 8 yaşdan balaca uşaqlar, hamilə və ya süd verən qadınlar, septik ağırlaşması olan xəstələr) üçün antiviral müalicənin başlanılması məqsədəuyğundur.
Səpkilər tipik yerlərdə olmayan (məsələn, ağız, gözlər, genital bölgə) xəstələrdə də meymunçiçəyi infeksiyasına qarşı antiviral müalicə nəzərdən keçirilə bilər. Meymunçiçəyi xəstəliyinin müalicəsi üçün hazırda tekovirimat ən faydalı hesab olunur. Tekovirimat ABŞ-da 2018-ci ildə meymunçiçəyi xəstəliyinin müalicəsi üçün təsdiq edilib. Oral və venadaxili preparatları mövcuddur.
Böyüklər üçün
Venadaxili (v/d):
35 - 120 kq arası xəstələr üçün: hər 12 saatdan bir 200 mq
≥120 kq xəstələr üçün: hər 12 saatdan bir 300 mq
Oral:
40 - 120 kq arası xəstələr üçün: hər 12 saatdan bir 600 mq
≥120 kq xəstələr üçün: hər 8 saatdan bir 600 mq
Müalicə müddəti 14 gündür. Böyrək çatışmazlığında oral forma üçün dozanın dəyişdirilməsi tələb olunmur. V/d formalarda kreatinin klirensi 30 mL/dəq-nin üzərində olarsa dozanın dəyişdirilməsi tələb olunmur. Kreatinin klirensi 30 mL/dəq-nin altında olarsa istifadəsi tövsiyə olunmur.
Tecovirimat kapsullarını qəbul etdikdən sonra 30 dəqiqə ərzində qusma baş verərsə, daha bir doza dərhal təyin edilə bilər.
Tecovirimat qəbul etdikdən sonra 30 dəqiqədən çox vaxt keçdikdən sonra qusma baş verərsə əlavə doza verilməməlidir və dərman qəbulu 12 saatdan sonra davam etdirilməlidir. Tecovirimat kapsulları orta və ya yüksək yağ tərkibli qida qəbulundan sonra 30 dəqiqə ərzində qəbul edilməlidir. Tecovirimat kapsullarını udmaq mümkün olmayan xəstələr üçün kapsullar açıla bilər, tərkibi təxminən 30 mL maye (məsələn, süd) və ya yumşaq qida (məsələn, qatıq) ilə qarışdırıla bilər və yeməkdən sonra 30 dəqiqə ərzində qəbul edilir.
Ən çox bildirilən yan təsirlər baş ağrısı, ürəkbulanma və qarın ağrısıdır. Yerli virusəleyhinə preparatlar buynuz qişanın zədələnməsi zamanı istifadə olunur. Triftortimidin yerli olaraq inəkçiçəyi virusunun göz forması zamanı istifadə olunur, meymunçiçəyi zamanı buynuz qişanın zədələnmələrində tətbiq edilə bilər.
Trifluridin göz damcısı (zədələnmiş gözə 9 damcı, hər gün).
Xəstələrin əksəriyyəti xəstəliyi yüngül formada keçirdiyi üçün hər hansı tibbi müdaxilə olmadan sağalırlar. Ürəkbulanma, qusma, disfagiya kimi şikayətlər olarsa, xəstəxanaya yatırılaraq maye balansının qorunması üçün infuzion müalicə aparıla bilər.
Qızdırma və ağrı: ilkin xətt terapiyası parasetamoldur (500-1000 mq oral, zəruri hallarda gündə 4-6 dəfə, maksimal doza 4000 mq/gün). İltihab əleyhinə qeyri-steroid preparatların (o cümlədən aspirinin) istifadəsindən yüksək qanaxma riski olan xəstələrdə və potensial nefrotoksiklik səbəbindən nefropatiyalı xəstlərdə çəkinmək lazımdır.
Ürəkbulanma və qusma zamanı oral və ya venadaxili qusmaəleyhinə vasitələr tövsiyə olunur.