Kreml yenə "iş başında" - hədəfdə Özbəkistan: Putinin istədiyi odur ki...

16:17 4 İyul 2022

Mərkəzi Asiyada vəziyyət yenidən qarışır. Bu dəfəki hədəf Özbəkistandır. Özbəkistan parlamentinin ölkə konstitusiyasına dəyişiklik layihəsində Qaraqalpaq Muxtar Respublikasının referendum yolu ilə müstəqilliyini elan etmək və ya başqa ölkəyə birləşmək səlahiyyətinin əlindən alınmasını təklif edib. Konstitusiya dəyişikliklərinə etiraz olaraq qaraqalpaqlar muxtar respublikanın inzibati mərkəzi olan Nukusda nümayişlər keçirib. Verilən məlumatlara görə, etirazlar zamanı ictimai qaydanın pozulması və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsi halları olub. 
Hadisə ilə əlaqədar Özbəkistan Prezidenti Şövkət Mirziyayev nümayişlərin keçirildiyi Nukus şəhərinə gəlib. Mirziyayev Konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib. Bundan başqa Qaraqalpaq Respublikasında iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

Kənar təsirlər

Özbəkistanda baş verən hadisələrdə kənar təsirlərin rolunun olmadığını düşünmək sadəlövhlük olardı. Məsələ ondadır ki, son illərdə, xüsusilə türk birliyi yolunda atılan addımlar fonunda türk coğrafiyasında siyasi-ictimai xaosun yaradılmasına edilən cəhdlər diqqət çəkir. Bir müddət öncə Qırğızıstanla Tacikistan arasında yaşanan gərginlik və ondan öncəki Qazaxıstanda baş verən etiraz aksiyaları buna misal ola bilər. Bu mənada Özbəkistanda baş verən hadisə həm Mərkəzi Asiya üzərində nəzarət uğrunda geopolitik mübarizənin tərkib hissəsidir.
 Ümumiyyətlə Cənubi Qafqaz kimi, Mərkəzi Asiya da böyük dövlətlərin maraqları daxilindədir. Regionun Avropa ilə Asiyanı birləşdirəcək yeni iqtisadi-ticari marşrutun üzərində olması, enerji resurları ilə zəngin olması, son illərdə bu regionu xüsusilə böyük güclərin diqqət mərkəzinə çevirib.

Pərdə arxasında yenə də Kreml var!

Hesab edirəm ki, Özbəkistanda baş verən son hadisələrin pərdə arxasında Rusiya dayanır. Düzdür, Rusiya mediası ABŞ-a bağlı qeyri-hökumət təşkilatlarının Özbəkistanı qarışdırmaq istədiklərini yazsa da, bunun həqiqət payı yoxdur. Məsələ ondadır ki, Vaşinqtonun indiki məqamda Özbəkistanı qarşıdırması üçün elə də ciddi səbəbi yoxdur. Digər tərəfdən, Özbəkistanın müstəqil xarici siyasət yürütməsi Vaşinqtondan çox Kremli narahat edə bilər.
Aydın məsələdir ki, Özbəkistan Mərkəzi Asiyanın sayca ən çox əhaliyə malik türk respublikasıdır. 31 milyondan çox əhalisi olan Özbəkistan 448.978 kvadrat kilometr əraziyə malikdir. Yəni Qazaxıstandan fərqli olaraq ərazi və əhali balansı bu ölkədə qeyri-müəyyən deyil. Təkcə paytaxt Daşkənddə 2,5 milyon nəfər insan yaşayır.
Kreml yaxşı bilir ki, Özbəkistanda nə Qazaxıstan ssenarisi, nə də Tacikistan-Qırğızıstan gərginliyi bənzəri bir ssenarini işə sala bilməz. Daşkəndə təsir etmək üçün tək ssenari az qala bütün keçmiş sovet respublikalarının ortaq problemi olan seperatizmi alovlandırmaqla mümkün ola bilər.
Əslində Kremlin bu ssenarini işə salacağı öncədən bəlli idi. Belə ki, hələ Qazaxıstandakı iğtişaşların ilk günlərində Belarus Prezidenti Aleksandr Lukaşenko Özbəkistanın gələcəyi ilə bağlı "proqnozlar" vermiş oxşar hadisələrin Özbəkistanda da baş verə biləcəyini açıqca demişdi.
Təəssüf ki, Özbəkistan tərəfi Lukaşenkonun bu fikirlərinə həmin vaxt reaksiya verəmişdi və Lukaşenkonu Özbəkistanın daxili işlərinə qarışmaqda günahlandıraraq sərt reaksiya vermişdi.
Maraqlıdır ki, Lukaşenko bu gün Özbəkistanda baş verən proseslərə münasibət bildirərkən verdiyi "proqnozu" məmnunluqla təkrarlayıb və deyib: "O vaxt mən, indi baş verənlər haqda xəbərdarlıq edəndə Özbəkistan rəhbərliyi narazı qalmışdı. Özbəkistanın az qala yarısı olan Qaraqalpakıstan artıq ayağa qalxıb. Özbəkistanı qarışdırırlar və orada indi qəliz situasiya yaranıb"
Proseslərdə Rusiyanın barmağının olduğunu göstərən bir digər bir fakt isə Rusiya mediasında yayımlanan yazılarda Qaraqalpaqsıtanın “Özbəkistanın Krımı” kimi adlandırmasıdır. Rusiya Krımı ilhaq etdiyini nəzərə alsaq bu prosesdə də Kremlin payının olduğunu deyə bilərik.

Kreml nə istəyir?

Özbəkistanda baş verən hadisələrdən Kremlin nə istədiyi və hansı mesajları verdiyi bəlli olur: 
Birincisi, Özbəkistan KTMT üzvü deyil və Kremlin Daşkəndi təşkilata üzv etmək istəməsi hərkəsə bəllidir. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin 16 may tarixində Özbəkistanı yenidən rəsmi şəkildə KTMT-yə dəvət etdi. Özbəkistan isə hazırda Türkiyə və Azərbaycanla yaxınlaşmaqda Qərbə inteqrasiyada maraqlıdır. Özbəkistanın əvvəl Türkiyə, daha sonra Azərbaycan ilə hərbi əməkdaşlıq sazişi imzalanmasını görünür Rusiya həzm edə bilmir.
İkincisi, Mərkəzi Asiya da son illərdə Türkiyənin liderliyi altında yeni inteqrasiya prosesi, daha dəqiq desək türk birliyi yolunda ciddi addımlar atır. Bu proses dərinləşəcəyi təqdirdə, Kreml regiona təsir mexanizmlərini itirəcəyini anlayır.
Prinsip etibarilə, Rusiya türk birliyinə qarşı deyil. Ancaq  birliyin hərbi, siyasi və iqtisadi müstəvidə inkişaf edib güclənməsini də istəmir. Daha dəqiq desək Kreml türk birliyinin Qərblə arasında bufer zona olmasını istəsə də bunun gələcəkdə ona qarşı alternativ təhlükə olmasında da ehtiyat edir. Bu mənada Özbəkistanda baş verən prosesləri Rusiya KTMT və Türkiyə TDƏŞ arasında ilk real sürtüşmə kimi də qiymətləndirmək olar.
Üçüncüsü, Rusiya NATO üzvü Türkiyənin Mərkəzi Asiyaya nüfuz etmə ehtimallarını ABŞ və Qərbin arxa baxçasına soxulması kimi başa düşür. Buna görə də də maksimum dərəcədə ənənəvi və imperialist xarakterli “parçala, hökmranlıq et" ssenarisini işə salır.

Turan Rzayev

Sitat.info



Xəbər xətti