Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə ittiham olunan Cəfər Əliyev məhkəmədə sərbəst ifadə verib.
SİTAT.İNFO xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda ittiham olunan şəxs zərərçəkmiş qismində tanınmış Şahmar Vəliyevi ittiham edib. O, Şahmar Vəliyevə dəymiş ziyanı tam ödədiyini, hər şeyinin əlindən alındığını deyib:
“Mənə qarşı plan qurdu. Onun Quliyev Etibar adlı işçisi var, onunla mənim aramda notariat qaydada borc müqaviləsi bağlatdırdı. Guya mən ondan 550 min dollar borc almışam. Halbuki, belə bir şey olmayıb. Sonra da o müqavilə ilə məni məhkəməyə verib, həmin pulu tələb elədilər. Sonra yönləndirdilər əmlakıma. Şahmar Vəliyev hər şeyimi əlimdən aldı - evimi, maşınımı, bağımı...”.
Zərərçəkmiş qismində tanınmış Şahmar Vəliyev isə məhkəməyə gəlmir. Onun vəkili Cəfər Vəliyevə qarşı şikayətçi olduqlarını, 580 min dolları tələb etdiklərini bildirir.
Təqsirləndirilən şəxs ifadəsində plastik boru istehsalı üçün lazım olan material (“kroşka”) biznesi ilə məşğul olduğunu bildirib. Həmin məhsulları İrandan gətirirmiş. Materialları göndərən isə Əkbər adlı İran vətəndaşı olub.
Cəfər Əliyevin sözlərinə görə, hazırda iş üzrə zərərçəkmiş qismində tanınan şəxslər - Şahmar Vəliyev, Elnur Qəhrəmanov, Sadıq Yusifov, Vaqif Rzaquliyev və Əkrəm Əliyev ona “kroşka” üçün pul verib. O da hər dəfə İrandan malı gətizdirib, onlara çatdırıb. Sonuncu dəfə pulları Əkbərə göndərsə də, o, “yoxa çıxıb” və zənglərə cavab verməyib. Pul sahibləri isə sonradan ondan şikayətçi olublar.
Xatırladaq ki, cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə daha 4 zərərçəkmiş şəxs var. İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır.
Cəfər Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.//APA