Bakıda modern üslubda ucaldılan göydələnlərdən biri 42 mərtəbəli “SOCAR Tover”dir.
Sitat.info xəbər verir ki, inzibati binanın layihələndirmə işlərini Cənubi Koreya şirkəti "Heerim Architects & Planners Co. Ltd", tikinti işlərini isə Türkiyənin "Tekfen İnşaat və Təchizat" şirkəti aparıb.
İnzibati binanın təməli 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Layihə ilkin olaraq 235,4 milyon dollara qiymətləndirilsə də, tikintiyə 414 milyon dollar vəsait sərf edildiyi bildirilir.
Binada 2200 nəfərin işləməsi üçün bütün şərait qurulub. Binada bir şaxtada iki lift prinsipinə əsaslanan TWİN - əkiz kabinəli liftlər, havalandırma, elektrik lövhələri, avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri qurulub. Qüllə hissəsində yeraltı svayların qazılması üçün drenaj quyuları qazılıb. Rixter şkalasına görə bina 9 bal gücündə zəlzələyə davamlıdır.
Ümumilikdə 5 hektar sahədə yerləşən bina 200 metr hündürlüyündədir. 40 yerüstü, 2 yeraltı mərtəbəsi var. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni zamanda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana da fəaliyyət göstərir. Yeraltı mərtəbədə 1045, yerüstü mərtəbədə isə 240 avtomobili qəbul etmək üçün dayanacaqlar var.